Azərbaycanda ilin bankı seçildi
06 Dekabr 2010 Bazar Ertəsi 16:20
"The Banker" jurnalı 9-cu dəfə Azərbaycan Beynəlxalq Bankını "Bank of the Year" mükafatına layiq görüb
Dünyanın tanınmış “The Banker” jurnalı tərəfindən hər il keçirilən və maliyyə dünyasının ən nüfuzlu mükafatlarından biri olan “İlin Bankı” (Bank of the Year) mükafatının 11-ci təqdimetmə mərasimi keçirilib. Hər il dekabr ayının əvvəlində ekspertlərin iştirak etdiyi xüsusi qiymət komissiyası 144 ölkədən olan qaliblərə, o cümlədən dünyanın 6 regionunun qaliblərinə və “Qlobal Bank” nominasiyasının qalibinə “İlin Bankı” (Bank of the Year) mükafatının təqdim olunması haqqında qərar qəbul edir.

Bu və ya digər bankın layiq görüləcəyi mükafatın təqdim olunması haqqında qərar həmin bankın son 12 ay ərzindəki fəaliyyətinin nəticəsinə görə və mükafat almaq üçün öz işini təqdim edən bankın maliyyə nəticələrinə, innovasiya fəaliyyətinə və əsas inkişaf strategiyası haqqında ətraflı informasiyaya əsaslanır.

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin ANS PRESS-ə verdiyi məlumata görə, ABB “The Banker” jurnalının layiq gördüyü “İlin Bankı” (Bank of the Year) mükafatını 2000-ci ildən etibarən artıq doqquzuncu dəfə alır və bu bankın menecmentinin və əməkdaşlarının yüksək peşəkarlığının təsdiq edilməsidir: “Qeyd etmək istəyirəm ki, ötən, böhranlı 2009-cu və bu il bankın ən bol mükafatlara layiq görüldüyü illər olub. Məsələn, biz ötən ilin oktyabr ayında “Euromoney” (London) jurnalının layiq gördüyü “Azərbaycanın ən yaxşı bankı” mükafatına layiq görülmüşük və müvafiq olaraq, 2002-ci ildən başlayaraq, həm ötən il, həm də bu il, 8-ci və 9-cu dəfə “Global Finance” (Nyu-York) jurnalının keçirdiyi “İnkişaf edən regionların ən yaxşı bankı” nominasiyasının qalibi olmuşuq. Həmçinin, bank 2 il ərzində iki dəfə “Emeafinance” (London) jurnalının layiq gördüyü “MDB ölkələrinin, Mərkəzi və Şərqi Avropa ölkələrinin ən yaxşı bankı” mükafatına layiq görülüb. Sonuncu bu ilin mart ayında Azərbaycan ərazisində “Yeni Yashma” külək elektrik enerjisinin istehsalı üzrə ilk layihənin maliyyələşdirilməsi layihəsində iştiraka görə Azərbaycan Beynəlxalq Bankını “Best Sustainability Deal” mükafatına layiq görüb".

R. Ağayev qeyd edib ki, dünyanın bütün bankları maliyyələşdirdikləri layihələrin ekoloji tərkibli olmasına daha çox diqqət yetirirlər: “Bu və ya digər layihənin maliyyələşdirilməsi haqqında qərar həmin layihənin sərt “ekolojilik” meyarı nəzərə alınmaqla qəbul edilir. Azərbaycan Beynəlxalq Bankı (ABB) əsas iştirakçıları “Societe Generale” və “Landesbank Berlin” olan sövdələşmənin zəmanətçisi qismində çıxış edib”.

Qeyd edək ki, bu gün ABB Azərbaycanda “Fitch” (BBB) və “Moody's” (Baa3) beynəlxalq reytinq agentlikləri tərəfindən verilən ən yüksək reytinqlərin sahibidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar