Azərbaycanda "Boloniya Forumu" keçiriləcək
21 Oktyabr 2010 Cümə Axşamı 12:10
Bu barədə Azərbaycan Tələbələr Birliyinin təhsil məsələləri üzrə katibi Bəhruz Kərimli məlumat verib
Azərbaycan Tələbələr Birliyi (ATB) Azərbaycanda ilk dəfə olaraq "Boloniya Forumu"nun keçirilməsinə hazırlaşır. Bu barədə məlumatı ATB-nin təhsil məsələləri üzrə katibi Bəhruz Kərimli verib. Onun sözlərinə görə, forumda dövlət strukturları, beynəlxalq təşkilatlar, tələbə QHT-ləri, universitetlər və aktiv tələbələrlə birgə Boloniya prosesinin Azərbaycanda tətbiqi mərhələsini, dövlət proqramları və onların icrasını, beynəlxalq təhsil layihələrini müzakirə etmək, konkret təkliflər ortaya çıxarmaq niyyətindədirlər.

Forumun keçirilməsində əsas məqsəd Boloniya prosesinin Azərbaycanda düzgün və tam tətbiqinə mane olan tərəflərini aydınlaşdırmaq, həm dövlətin, həm müxtəlif qurumların, həm də bu sahədə təcrübəsi olan insanların rəylərini öyrənmək və onlarla birgə bu istiqamətdə ümumi işlər görməkdir.

"Boloniya prosesi bu gün gündəmdə olan əsas və bir qədər problemli məsələlərdən biridir. Artıq 5-ci il tətbiq olunmasına baxmayaraq, hələ də ölkəmizdə Boloniya Bəyannaməsinin tələbləri ya düzgün yerinə yetirilmir, ya da tam şəkildə həyata keçirilmir. Hazırki vaxtda, bu problem özünü təhsil sistemində göstərərək müəyyən anlaşılmazlıqlara gətirib çıxardır və təbii ki, böyük tələbə kütləsinin narazılığı ilə qarşılanır", deyə B. Kərimli bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar