Azərbaycanda Avro-5 standartına uyğun benzinlərin istehsalına başlanılacaq
29 Sentyabr 2011 Cümə Axşamı 15:52
Rövnəq Abdullayev: "Bunun üçün şəhərdən kənarda yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksi yaradılacaq".
"Ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq". Bunu yap.org.az saytına Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bunu üçün hazırda şəhərdən kənarda, müasir tələblərə cavab verən yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin yaradılması Hökumət tərəfindən ARDNŞ-ə həvalə edilib. Hazırda "Technip", "Foster Wheeler" və "UOP" kimi dünya şöhrətli şirkətlərlə birlikdə bu sahədə hazırlıq işləri aparılır.
R.Abdullayev bildirib ki, kompleks inşa olunduqdan sonra ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi həm də Bakının ekoloji durumunun yaxşılaşması, emal dərinliyinin və alınan məhsulların çeşidlərinin artırılması üçün real imkanlar yaradacaq.
ARDNŞ-in prezidenti qeyd edib ki, Qaradağ Qaz Emalı zavodunda təbii və səmt qazlarının təmizlənməsi və emalı prosesləri ilbəil təkmilləşdirilir. Cari ilin əvvəlindən zavodda 2623,4 milyon kubmetr qaz emal edilərək 2592,8 milyon kubmetr təmizlənmiş qaz, 40,4 min ton maye qaz və qaz benzini istehsal olunmuşdur. Zavodun modernləşdirilməsi, illik gücünün 8 milyard kubmetrə çatdırılması aktual məsələlərdəndir və bunun üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: