Azərbaycanda 4,5 milyardlıq ÜDM istehsal edilib
20 Fevral 2013 Çərşənbə 08:08
Ümumi Daxili Məhsulun əhalinin hər nəfərinə həcmi 484,2 manat olub.
Bu ilin ilk ayında ölkə iqtisadiyyatında 4,5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal edilib, ÜDM-in əhalinin hər nəfərinə həcmi 484,2 manat və ya 616,9 ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 2,2 milyard manat və ya ÜDM-in 49,6 faizini təşkil edib. Ümumi daxili məhsulun 50,4 faizi isə neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb.
ÜDM-in 53,7 faizi sənayedə, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,2 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,9 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 12,6 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil edib.
DOSTLARINLA PAYLAŞ: