Azərbaycanda 1000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
28 Aprel 2011 Cümə Axşamı 14:41
Qeyri-neft sektoruna qoyulmuş sərmayələrin həcminə görə Türkiyə birinci yerdədir
Hazırda Azərbaycanda mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev "Bakıda qloballaşma şəraitində sosial-iqtisadi inkişaf" Türkiyə-Azərbaycan əməkdaşlığı konfransında bildirib. Onun sözlərinə görə, 2002-ci ildən bu şirkətlər tərəfindən ölkə iqtisadiyyatına 2 milyard dollara yaxın sərmayə yatırılıb və qeyri-neft sektoruna qoyulmuş sərmayələrin həcminə görə Türkiyə birinci yerdədir.

Tədbirdə çıxış edən Türkiyə Dövlət Planlama Təşkilatının Xarici İqtisadi Əlaqələr Baş İdarəsinin müdiri Metin Eker iki ölkə arasında ticari əlaqələrin getdikcə genişləndiyini deyərək, bu sahədə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

“İki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb. Bütün bunlar çox xoş irəliləyişlərdir. Enerji sahəsində iki ölkə arasında ciddi işbirliyi var və bunun daha da inkişaf etməsi üçün hər iki ölkənin əlaqəli qurumları tərəfindən gələn tələblər var və görüşlər davam edir. İndi biz layihələr üzərində danışmaqdan çox, iki ölkənin iqtisadi islahatlar dövründə yaşadığı təcrübələri paylaşmaq və yenilikləri öyrənib, inkişafa doğru yeni fikirləri, iş birliklərini genişləndirmək üçün buradayıq”, - deyə Metin Eker bildirib


DOSTLARINLA PAYLAŞ:

oyunlar