Azərbaycana ayrılan kreditlərin məbləği artır
18 Fevral 2010 Cümə Axşamı 21:40
Prezident İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı 6 il ərzində təxminən 3 dəfə artıb"
Azərbaycan iqtisadiyyatı son illər ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Bunu həm iqtisadi göstəricilər əyani şəkildə sübut edir, eyni zamanda, Azərbaycanda görülən işlər göz qabağındadır. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 6 il ərzində təxminən 3 dəfə artıb. “Bu, dünyada analoqu olmayan inkişafdır. Hətta bütün dünya üçün ağır olan 2009-cu ildə bizim iqtisadiyyatımız 9,3 faiz artıb. Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur. Bütün bu işlərin təməlində apardığımız islahatlar, ölkəmizin hərtərəfli inkişafı, regionların sosial-iqtisadi inkişafının icrası ilə bağlı görülən tədbirlər, regional proqramın birinci mərhələsinin uğurla başa çatdırılması və Azərbaycanda gözəl investisiya iqliminin yaradılması dayanır. Bu gün Azərbaycanda investisiyalar həm xaricdən daxil edilir, həm də ancaq son bir neçə il ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir”.

Prezidentin sözlərinə görə, bu onu göstərir ki, artıq Azərbaycan dövləti və Azərbaycan şirkətləri öz ölkəsinə böyük sərmayə qoyulması istiqamətində önəmli addımlar atır. İlham Əliyev bildirib ki, Azərbaycanda investisiya iqlimi gələcəkdə də müsbət olacaq: “2009-cu ildə həm beynəlxalq maliyyə qurumları, həm kommersiya bankları, yəni dünyada fəaliyyət göstərən kommersiya bankları müəyyən dərəcədə maliyyə sıxıntıları içində idilər. Buna baxmayaraq, Azərbaycana ayrılan kreditlər, onların məbləği artır. Xarici şirkətlər hətta 2009-cu ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayənin qoyulması istiqamətində vacib addımlar adıb. 2009-cu ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox vacib sənaye obyektlərinin açılışında iştirak etmişik, eyni zamanda, çox vacib müəssisələrin təməl daşı qoyulub”.

İlham Əliyev qeyd edib ki, görülən bütün bu işlər çox konseptual xarakter daşıyır. “Biz çox ciddi proqram üzərində işləyirik. Proqram çoxşaxəlidir. Proqramın əsas vəzifəsi Azərbaycan iqtisadiyyatını gücləndirmək, şaxələndirmək, Azərbaycanın bütün problemlərini həll etmək, insanların sosial problemlərinin həlli üçün vacib addımlar atmaq və beləliklə, ölkəmizin müstəqilliyini, iqtisadi azadlığını, iqtisadi müstəqilliyini gücləndirməkdir. Azərbaycanda sahibkarlığın inkişafı üçün çox gözəl şəraitin yaradılması, əlbəttə, həmişə olduğu kimi, prioritet məsələlərdən biridir”, - deyə dövlət başçısı vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar