Azərbaycan Yunanıstan işgüzar görüşü keçirilib
07 Mart 2013 Cümə Axşamı 22:26
Azərbaycanın investisiya imkanlarına dair yunan iş adamlar üçün təqdimat olub.
Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Azərbaycan-Yunanıstan işgüzar görüşü keçirilib.

AZPOMO-dan ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Yunanıstan tərəfindən sənaye, İKT, kənd təsərrüfatı, turizm, səhiyyə, tikinti, nəqliyyat, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 40 şirkət iştirak edib.

İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, Azərbaycan və Yunanıstan arasındakı iqtisadi əlaqələr barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayan R. Məmmədov yunan iş adamlarını azərbaycanlı həmkarları ilə daha fəal əməkdaşlığa dəvət edib, AZPROMO tərəfindən yunan şirkətlərinə ölkəmizdə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da hər cür dəstək göstəriləcəyi qeyd edilib.

Görüşdə həmçinin, AZPROMO tərəfindən ölkəmizin əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimat keçirilib. Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının rəhbəri George Papadopoulos və Afina Ticarət və Sənaye Palatasının nümayəndəsi Nikolas Sofianos isə çıxışlarında iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat veriblər.

Tədbir Azərbaycan və Yunanıstan iş adamlarının iştirak etdiyi ikitərəfli görüşlərlə başa çatıb.

Qeyd edək ki, ikitərəfli görüşlərdə Azərbaycan tərəfindən 100-ə yaxın iş adamı iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar