Azərbaycan Tarif Şurası xam neftin topdansatış və nəqli tarifini müəyyənləşdirib
31 Dekabr 2009 Cümə Axşamı 13:20
Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Tarif Şurasından APA-ya daxil olan məlumata görə, iclasda aidiyyəti qurumların müraciəti əsasında xam neftin topdansatış qiyməti və nəqli tarifinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin və Səhiyyə Nazirliyi tərəfindən obliqat qruplara verilən tibbi müayinə kartının qiymətinin tənzimlənməsi məsələlərinə baxılıb.
Belə ki, indiyədək xam neftin mövcud topdansatış qiyməti nəql tarifi nəzərə alınmaqla tənzimlənib. Tarif Şurasının qərarı ilə, xam neftin nəqlinin təbii inhisar fəaliyyətinə aid olduğu nəzərə alınaraq, xam neftin mövcud topdansatış qiyməti 1 ton üçün 53,6 manat (ƏDV-siz), nəqli tarifi isə 1 ton üçün 2,6 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilib.

Şuranın digər qərarına əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən neft məhsulları üçün təsdiq edilmiş yeni standartlara uyğun olaraq, neft məhsulları üzrə qüvvədə olan qiymət cədvəlində 3 məhsulun (koks məhsulları) adında dəyişiklik edilib, biri isə cədvəldən çıxarılıb.

Tarif Şurasının iclasında həmçinin, “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinə baxılıb, yeni tariflər təsdiq edilib. Qərara əsasən, şəbəkənin yerlərdəki avadanlıqlarına qədər olan qoşulma üçün simmetrik rəqəmsal portdan aylıq istifadə tarifləri 10 mb/s Ethernet port üçün 250 manat, 100 mb/s Ethernet port üçün 400 manat, 2 mb/s E1 port üçün 280 manat, 2 mb/s xDSL port üçün 170 manat səviyyəsində müəyyən edilib.

Bundan başqa, Şuranın qərarı ilə Səhiyyə Nazirliyi tərəfindən obliqat qruplara verilən tibbi müayinə kartının qiyməti 1 ədəd üçün 8 manat səviyyəsində müəyyən olunub.

Yeni tariflər 2010-cu ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar