Azərbaycan qaz idxalçısından ixracatçıya çevrilib
15 İyul 2011 Cümə 13:38
ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin prioritetlərini açıqlayıb. Azərbaycan qaz idxalçısından ixracatçıya çevrilib.
ARDNŞ-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri enerji təhlükəsizliyinin təmini, dünya enerji bazarına inteqrasiya və öz neft-qaz resurslarının marşrutlarının tədricən şaxələndirilməsidir. Bu barədə “Xəzər qazı: cari istiqamətlər, gələcək ssenarilər” konfransında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda karbohidrogenlərin proqnozlaşdırılan ehtiyat həcmləri 10 milyard ton şərti yanacaq vahidində, sübut edilmiş karbohidrogen ehtiyatları isə 4,2 milyard ton şərti yanacaq vahidində qiymətləndirilir.

Qısa müddət ərzində Azərbaycan qaz idxalçısından ixracatçıya çevrilib, xüsusilə də qaz Gürcüstan, Rusiya, Türkiyə, Yunanıstan, eləcə də İrana tədarük edilir. 2004-2010-cu illərdə ölkədə qaz hasilatı 5,2 dəfə artaraq ildə 26 milyard kubmetrə çatıb.

Rövnəq Abdullayev deyib ki, hazırda ARDNŞ həm müstəqil, həm də xarici tərəfdaşlarla birgə respublikada qaz hasilatının artırılması üzrə işlər aparır: “Xüsusilə, indi sutkada 23 milyon kubmetrə yaxın qazın və 5 min ton kondensatın hasil edildiyi "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsinin həyata keçirilməsinə başlamaq üçün hazırlıq gedir”.

Bundan başqa, digər yataqlar və perspektiv strukturlar çərçivəsində də işlər aparılır. Xüsusilə, ARDNŞ Fransanın “Total” şirkəti ilə birlikdə “Abşeron” strukturunda kəşfiyyat quyusunun qazmasını aparır, Almaniyanın RWE şirkəti ilə birgə “Naxçıvan” strukturunda işlərə başlamaq üçün hazırlıq gedir. Ümumiyyətlə, bu iki strukturun ehtiyatları 600 milyard kubmetr qaz qiymətləndirilir. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərin qatlardakı qazın hasil edilməsi məsələsinə də baxılır.
Xarici şirkətlərlə işlərlə yanaşı, ARDNŞ Xəzərdə strukturların müstəqil surətdə mənimsənilməsini aparır. Ötən il şirkət Xəzərin Azərbaycan sektorunda yeni “Ümid” yatağını kəşf edib. Bu yatağın ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat qiymətləndirilir.

Rövnəq Abdullayevin dediyinə görə, bu yatağın kəşfi ARDNŞ-nin yeni inkişaf mərhələsi olub, yeni yataqların kəşfinin perspektivini və imkanlarını artırıb. Belə ki, “Ümid” yatağının kəşfi ARDNŞ-yə "Babək" strukturunda ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat qiymətləndirməyə imkan verib.

“Proqnozlara əsasən, 2015-ci ilə Azərbaycanda qaz hasilatının həcmi ildə 30 milyard kubmetrədək artacaq, bu isə Azərbaycanın ümumilikdə regionun enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmini üçün imkanlar yaradacaq”, deyə R. Abdullayev bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar