Azərbaycan payızda cip istehsalına başlayır
17 İyun 2011 Cümə 15:38
Bu ilin sentyabrından Naxçıvan Avtomobil Zavodunda «Lifan» markalı avtomobillərin «offrouder» («cip» tipli) modellərinin istehsalına başlanacaq.
Bu barədə «APA-Economics»ə Naxçıvan Avtomobil Zavodunun satış və marketinq departamentinin direktoru Tamerlan Abdullazadə bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı hazırlıq işləri aparılır.
Xatırladaq ki, hazırda zavodda «Lifan» avtomobilləri 4 modifikasiyada buraxılır - «Lifan-320», «Lifan-520», «Lifan-520i» və «Lifan-620». Avtomobillərin mühərriklərinin həcmi 1,3-1,6 litr, qiymətləri 8 200-12 400 manat arasındadır.
Zavodda taksi avtomobilləri də istehsal edilir - onların qiyməti 11 800 manat, kreditlə 12 700 manat təşkil edir. Taksi avtomobilləri 30% ilkin ödənişlə 2 illiyə satılır. Sığorta, icbari sığorta və notarius haqqı da daxil olmaqla ilkin ödənişin məbləği 4203 manat təşkil edir. Avtomobillərə 2 il və ya 40 min kilometr üçün zəmanət verilir. İndiyədək zavodda 280 ədəd taksi avtomobili istehsal edilib. Ondan 240 ədədi satılıb, 40-nın da sifarişçiləri var. Taksi avtomobillərinin hamısının alıcısı Naxçıvan MR-dədir.
Naxçıvan Avtomobil Zavodunun istehsal gücü 5 min avtomobildir. Bu il 2 minə yaxın avtomobilin istehsalı nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: