Azərbaycan nefti dünyanın 33 ölkəsinə ixrac edilir
19 Sentyabr 2011 Bazar Ertəsi 11:58
Rövnəq Abdullayev: "Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyasıBakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir"
"Hazırda ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili, İspaniya da daxil olmaqla dünyanın 33 ölkəsinə Azərbaycandan xam neft və neft məhsulları ixrac edilir". Bu barədə Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev YAP-ın rəsmi saytına müsahibəsində bildirib.
ARDNŞ prezidentinin sözlərinə görə, ilkin neftin dünya bazarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı–Supsa neft boru kəmərləri istifadəyə verilib. Hər birinin ötürücülük gücü ildə 6 mln. ton təşkil edən həmin kəmərlər bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlər üzrə nəql edilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir.
"Hazırda sutkada 40-50 min barel həcmində Türkmənistan nefti BTC vasitəsilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürülür. BTC kəmərinin illik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılmışdır. Bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Hazırda BTC sutkada 1,2 milyon barel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddət ərzində bu kəmərlə 166 milyon tondan artıq Azərbaycan nefti, 3 milyon tona yaxın türkmən nefti nəql olunub", deyə R. Abdulayev qeyd edib.
DOSTLARINLA PAYLAŞ: