Azərbaycan manatı ucuzlaşır
11 Avqust 2009 Çərşənbə Axşamı 16:30
Azərbaycan manatı ucuzlaşır. Samir Əliyev: "Mərkəzi Bank tədricən yumşalmaya gedəcək və manatın ilin sonuna qədər ucuzlaşması davam edəcək".

 

Son aylar Azərbaycanın milli valyutası olan manat dünyanın əsas valyutalarına nisbətdə ucuzlaşır. Bu barədə ANS PRESS-ə «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev bildirib. O qeyd edib ki, birlik Mərkəzi Bankın statistik məlumatlarına istinadən bununla bağlı hesablama aparıb.

«Hesablamalarına görə, 2009-cu ilin yanvar ayı ilə müqayisədə avqust ayında manat ABŞ dollarına nisbətən 0,4%, avroya nisbətdə 1,3%, Britaniya funt sterlinqinə nisbətdə isə 14,4% ucuzlaşıb. İlin əvvəlində manatın dollara olan məzənnəsi 0,8015 olduğu halda, hazırda bu rəqəm 0,8043-ə qalxıb. Bu müddətdə avronun məzənnəsi 1,1123-dən 1,1376 manata, funt sterlinq isə 0,8015-dən 0,8043 manata yüksəlib»,- deyə S.Əliyev qeyd edib.

S.Əliyevin sözlərinə görə, rus rubluna nisbətən manat cari ildə 8% bahalaşıb. Rubl bu müddətdə 0,0275 manatdan 0,0253 manatadək ucuzlaşıb. Ekspertin fikrincə, aparılan müşahidələr göstərir ki, son vaxtlar Mərkəzi Bank milli valyutanın məzənnəsini tədricən aşağı salma siyasətini yeridir: «Mərkəzi Bank tədricən yumşalmaya gedəcək və manatın ilin sonuna qədər ucuzlaşması davam edəcək».

Xatırladaq ki, dollara nisbətən manatın ucuzlaşmasının ən yüksək həddi cari ilin fevral ayının əvvəlində olub. Rusiya, Qazaxistan, Qırğızıstan və s. kimi ölkələrdə baş verən devalvasiya dalğası nəticəsində ölkə ərazisində dollara təlabat kəskin artmış və o 0,8% bahalaşaraq 0,8080 manat təşkil etmişdi. Bu dövrdə bir sıra ekspertlər manatın devalvasiyasının zəruriliyini və labüdlüyünü bildirsələr də hökumət buna getməmişdi. Nəticədə manatın məzənnənin saxlanılması üçün ölkənin valyuta ehtiyatından milyonlarla vəsait xərclənmişdi. Ancaq sonrakı aylarda manatın möhkəmlənməsi müşahidə edilmişdi.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar