Azərbaycan Makedoniya işgüzar görüşü olub
19 Aprel 2013 Cümə 22:05
Şahin Mustafayev: Azərbaycanla Balkan ölkələri arasında əlaqələr uğurla inkişaf edir.
Bu gün Makedoniya Respublikasının Baş naziri Nikola Qruevskinin ölkəmizə səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya işgüzar görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanla Balkan ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini və bu baxımdan Makedoniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb.

Nazir Şahin Mustafayev biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib, Makedoniya Baş nazirinin Azərbaycana səfəri çərçivəsində keçirilən bu günkü işgüzar görüşün ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyini vurğulayıb. Bildirilib ki, işgüzar görüşdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, qida, səhiyyə, İKT sahələrini təmsil edən şirkətlər iştirak edir və bu tədbirin keçirilməsi yeni sahələr üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə imkan yaradacaq: “Ölkələrimiz arasında möhkəm siyasi təməlin mövcudluğu ticarət-iqtisadi əməkdaşlığın yüksək səviyyədə qurulmasında mühüm rol oynayır. Bu baxımdan iqtisadi əlaqələrimizin genişlənməsi üçün böyük potensial vardır və bu imkanlardan birgə istifadə etməliyik”.

Şahin Mustafayev iki ölkə arasında iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu qeyd edərək, Baş nazir Nikola Qruevskinin səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"in imzalanmasını iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkədə həyata keçirilən investisiya layihələrinin icrasına iş adamlarının cəlb edilməsinə, işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqinə, ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artmasına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Makedoniyanın Baş naziri Nikola Qruevski dostluq zəminində qurulan Azərbaycan-Makedoniya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb. Baş nazir Nikola Qruevski Azərbaycan və Makedoniya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Ölkəsinin iqtisadiyyatına, biznes və investisiya mühitinə, ticarət əlaqələrinə dair ətraflı məlumat verən Nikola Qruevski hazırda Makedoniyada azad iqtisadi zonaların, xüsusi turist zonalarının fəaliyyət göstərdiyini bildirib.

Baş nazir Nikola Qruevski hər iki ölkənin iqtisadiyyatının dinamik inkişaf etməsinin iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb, Makedoniyanın Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edərək azərbaycanlı iş adamlarını Makedoniyada investisiya layihələrində iştiraka dəvət edib.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Rüfət Məmmədov AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyini də qeyd edib.

Makedoniyanın Baş Nazirinin müavini Vladimir Pesevski, Xarici İnvestisiyalar naziri Bill Pavlevski və İqtisadiyyat nazirinin müavini Hristiyan Delevin Makedoniyanın investisiya mühitinə dair müxtəlif sektorlar üzrə təqdimatlarla çıxış ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar