2009-cu ilin birinci rübündə bütün maliyyə mənbələrindən Azərbaycanın iqtisadiyyatına 1 milyard 639 milyon manat investisiya edilib ki, bu da 2008-ci ilin analoji dövründən 15,2 faiz çoxdur. Bu barədə məlumatı Turan-a Dövlət Statistika Komitəsindən verilib. Hesabat dövründə neft sektoruna 424 milyon manat, qeyri- neft sektoruna 1 milyard 214 milyon manat qoyulub. Qeyri-neft sektoruna investisiyalar 72,3 faiz artıb. Xarici investisiyalarının payına 254,6 milyon manat və ya 15,5 faiz, daxili investisiyaların payına 841 milyard manat və ya 59,7 faiz düşüb. Hesabat dövründə daxili investisiyaların həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz artıb, xarici investisiyaların həcmi isə 55,6 faiz azalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, rüb ərzində Bakıda Beynəlxalq və şəhərarası avtovağzal kompleksi, ümumi sahəsi 267,7 kv. metr olan mənzillər, 288 şagird yerlik ümumitəhsil məktəbi, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 10 çarpayılıq xəstəxana, 140 yerlik klub, Bərdə rayonunda Müalicə Diaqnostika Mərkəz istifadəyə verilib.
Sahə strukturu üzrə investisiya qoymaları:
- nəqliyyat – 41,8 faiz,
- sənaye – 35,9 faiz,
- kənd təsərrüfatı – 2,9 faiz,
- tikinti – 1 faiz,
- ticarət və xidmətlər – 1,3 faiz,
- rabitə – 1 faiz,
- daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 7,4 faiz (onun 5,3 faizi mənzil tikintisi),
- mehmanxana və restoranlar – 0,1 faiz,
- dövlət idarəetməsi – 3,1 faiz,
- təhsil – 1 faiz,
- səhiyyə - 1,4 faiz,
- maliyyə – 0,3 faiz,
- digər kommunal, sosial və şəxsi xidmətlər - 2,8 faiz. /ANS PRESS/