Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları artıb
07 İyul 2010 Çərşənbə 02:40
İqtisadiyyatımıza 8733,5 milyon manat kredit qoyulub.
İyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 8733,5 milyon manat təşkil edib. Bu barədə məlumat ANS PRESS-ə Mərkəzi Bankın mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% artıb. Kredit qoyuluşlarının 383,6 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
Kreditlərin 28,4%-i və ya 2482,3 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1882,3 milyon manat (21,6%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 445,7 milyon manatı (5,1%), sənaye və istehsalın payına isə 605,7 milyon manatı (6,9%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1503,3 milyon manatı və ya 17,2%-i, kənd təsərrüfatı və emalına 395,8 milyon manatı və ya 4,5%-i, inşaat və əmlak sahəsinə 589,2 milyon manat (6,7%), digər sahələrə isə 49,8 milyon manatı və ya 0,6%-i yönəldilib.
2010-cu il iyunun 1-nə kreditlərin 2345,0 milyon manatı (26,9%) qısamüddətli, 6388,5 milyon manatı (73,1%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 183,2 milyon manatı və ya 7,8%-i, uzunmüddətli kreditlərin isə 200,4 milyon manatı və ya 3,1%-i vaxtı keçmiş kreditlərdir.
Dövlət bankı tərəfindən iqtisadiyyata 4017,4 milyon manat (46,0%), özəl banklar tərəfindən 4533,6 milyon. manat (51,9%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,4 milyon manat (2,1%) kredit qoyulub.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2154,2 milyon manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,7%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 435,3 milyon manat (5,0%) kredit veriblər.
Kreditlərin 5223,3 milyon manatı və ya 59,8%-i manatla, 3510,2 milyon manatı və ya 40,2%-i xarici valyuta ilə verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: