Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 63 milyon ABŞ dolları dəyərində ikinci Magistral Yol Layihəsi üçün ikinci əlavə maliyyələşdirmə sazişi, habelə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 112 milyon dollar dəyərində kredit sazişləri imzalanıb.
Sazişləri Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Dünya Bankı tərəfindən isə qurumun Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləm imzalayıb.
Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, 63 milyon dollarlıq kredit Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 10 ili güzəşt müddəti olmaqla 20 il müddətinə faizsiz verilir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kredit müddəti isə 4 ili güzəşt dövrü olmaqla 17 ildir.
Ziya Məmmədovun sözlərinə görə, Hacıqabul-Bəhrətəpə yolunun yenidən qurulmasına ilin sonundan başlanacaq və qarşıdakı iki ildə işlər tam yekunlaşacaq. Nazir 2009-cu ilin dövlət büdcəsindən yolların nəqliyyat infrastrukturunun yaxşılaşmasına 700 milyon manatın ayrılacağını bildirib. Amma bu, son rəqəm deyil. İnvestisiya layihələrinin müzakirəsi zamanı məbləğə dəyişikliklər ediləcəyi də istisna olunmur.
Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Əsəd Aləm isə bildirib ki, regionların inkişafını əsas vəzifələrindən hesab edən Azərbaycan hökuməti yolların bərpası ilə iqtisadiyyatın, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişafına nail olacaq. «Məsələn, yolların keyfiyyətli olması fermerlərin bir çox problemlərini həll edəcək, onların daşıma xərclərini azaldacaq, yeni iş yerlərinin artmasına gətirib çıxaracaq», - deyə o qeyd edib. /ANS TV/