Azərbaycan Dövlət Neft Fondunun aktivləri 26 mlrd. dollara çatıb
19 Aprel 2011 Çərşənbə Axşamı 16:28
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2011-ci ilin I rübündə 3 259,6 mln. manat, xərcləri isə 1 399,6 mln. manat təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ötən rüb ərzində ARDNF-in beynəlxalq neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 197,6 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 3 077,6 mln. manat, «Şahdəniz-I» üzrə qiymət fərqindən 101,7 mln. manat, Bakı-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 16,3 mln. manat, tranzit gəlirləri 1,7 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 mln. manat olub.

Ş.Mövsümovun sözlərinə görə, hesabat dövründə ARDNF dövlət büdcəsinə 1 330 mln. manat transfer edib. Bundan başqa, Fondun xərclərinin strukturunda qaçqın və məcburi köçkün ailələrin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,1 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 39 mln. manat və 2,3 mln. manat, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə 3,3 mln. manat, «Bakı-Tbilsi-Qars yeni dəmir yolu» layihəsinə 2,2 mln. manat yönəldilib.

Qeyd edək ki, hesabat rübündə Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,7 mln. manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəlirləri 423,4 mln. manat təşkil edib.

Beləliklə, 2011-ci ilin aprelin 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlnə nisbətən 13,3% artaraq 25 796,9 mln. ABŞ dollarına çatıb. Ş.Mövsümovun fikrincə, artıq ilin sonuna bu göstəricinin 30 mlrd. dollara çatacağı gözlənilir.

ARDNF başçısı həmçinin bildirib ki, indiyədək Fonda daxil olan vəsaitlərin həcmi 50 mlrd. dolları ötüb.

Həmçinin, hesabat dövründə neftin orta qiyməti (Fondun hesablamalarına görə 1 barelə görə 95 dollar) Fondun büdcəsində nəzərdə tutulmuş qiymətdən (60 dollar) yüksək olduğuna görə, ARDNF-in gəlirləri proqnozlardan artıq olub. Fondun hesabatının illik göstəricilər əsasında qurulduğunu əsas gətirərək, üstələmənin dəqiq həcmini açıqlanmayan Ş.Mövsümov bildirib ki, rüb ərzində faktiki gəlirlər illik proqnozun 30%-ni, xərclər isə 20%-ni üstələyib. Qeyd edək ki, hökumətdə müzakirə olunan 2011-ci ilin dövlət büdcəsinin artırılması çərçivəsində Fonddan dövlət büdcəsinə transfertlərin də artırılacağı gözlənilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar