Azərbaycan Beynəlxalq Bankının reytinqi qalxıb
12 Avqust 2010 Cümə Axşamı 10:50
“Moody’s” şirkəti ABB-nın reytinq proqnozunu “Neqativ”dən “Stabil” səviyyəyə qaldırıb.
“Moody’s Investors Service” şirkəti Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinq proqnozunu “Neqativ” səviyyədən “Stabil” səviyyəyədək qaldırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, agentlik ABB-nin yerli valyutada uzunmüddətli reytinqini “Baa3” səviyyəsində, subordinasiyalı valyuta borcunun uzunmüddətli reytinqini isə “Ba1” səviyyəsində qiymətləndirib. Reytinq agentliyi, eyni zamanda bankın bütün reytinqlərini təsdiq edib.
Agentlik bildirib ki, reytinq işləri Azərbaycan hökuməti tərəfindən ABB-nin maliyyələşdirilmə, sərmayə və biznes axınları planında daimi dəstəyinin davamını əks etdirir. Bundan əlavə, ABB-nin maliyyə problemləri ilə üzləşən iri sərmayədarlarının hökumət tərəfindən birbaşa himayə olunması aktivlərin keyfiyyətinə, bankın satıla bilmə qabiliyyətinə yardım edir və sərmayənin eroziyaya uğramasından yan keçməyə imkan yaradır.
“Moody’s” qeyd edir ki, hökumətin zəruri hallarda banka yardım etmək qabiliyyəti bankın maliyyə vəziyyətinin, habelə öz növbəsində yüksək neft gəlirləri ilə möhkəmlənən adekvat valyuta rezervlərinin təkmilləşməsi perspektivləri hesabına dəstəklənir. Yerli valyutada “Baa3” depozit reytinqi və subordinasiyalı valyuta borcunun uzunmüddətli “Ba1” reytinqi ABB-yə “B2” səviyyəsində bankın kredit ödəmə qabiliyyətinin baza qiymətindən fərqli qiymət almağa imkan verdi. Bu, zəruri halda sistemli müdafiənin son dərəcədə yüksək ehtimalının qiymətləndirilməsinə əsaslanır.
Qeyd edək ki, ABB-nin reytinqinin əvvəlki qiymətləndirilməsi 23 iyun 2009-cu il tarixində “Moody’s” şirkəti tərəfindən aparılıb və o zaman reytinq agentliyi onun reytinqlərini aşağıdakı miqyaslara: yerli valyutada depozitlərin uzunmüddətli və qısamüddətli reytinqini “Baa2/Prime-2”-dən “Baa3/Prime-3”-ə və subordinasiyalı valyuta borcunun uzunmüddətli reytinqini “Baa3”dən “Ba1”ə endirdi, və bu qiymətlərə “neqativ” proqnoz adı verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: