Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən iri bankları sırasındadı
12 İyul 2011 Çərşənbə Axşamı 22:56
MDB ölkələrinin 50 iri banklarının sırasına reytinqdə 33-cü yeri tutan Azərbaycan Beynəlxalq Bankı daxil olub.
"RİA-Analitika” iqtisadi analiz mərkəzinin ekspertləri MDB ölkələrinin (2009-cu ildə MDB-nin tərkibindən çıxmış Gürcüstan da daxil olmaqla) bank sistemini araşdırıb. Analiz açıq mənbələrdən alınan bank statistikasının və bankların hesabatlarının rəsmi məlumatlarına istinad edilməklə aparılıb.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nəticədə bankların birləşdirilməmiş aktivlərinin 01 yanvar 2011-ci il tarixinə olan həcminin qiymətləndirilməsi həyata keçirilib. Bu məlumatların əsasında aktivlərinin 01 yanvar 2011-ci il tarixinə olan həcmi üzrə MDB ölkələrinin və Gürcüstanın 100 iri bankının reytinqi tərtib edilib.
Reytinqə ümumilikdə 7 ölkənin: Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Azərbaycan, Gürcüstan və Özbəkistanın bankları daxil olub. MDB-nin digər 5 ölkəsinin (Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan və Türkmənistan), “RİA-Analitika” iqtisadi analiz mərkəzinin ekspertlərinin rəyinə görə, reytinqə daxil olmaq üçün zəruri aktiv həcminə malik bankları yoxdur.
Reytinqin ilk 8 sırasını Rusiyanın bankları tutub, 9-cu yer isə “ASB Belarusbank” ASC-yə məxsusdur. Reytinqdə daha çox üstünlüyü Rusiya əldə edib – reytinqə daxil olan 100 bankdan 69-u Rusiya Federasiyasında qeydiyyatdan keçib. Reytinqdə Rusiya banklarının ümumi aktivləri 874 milyard ABŞ dolları olub ki, bu da reytinqdə iştirak edən bankların yekun aktivlərinin 80 faizini təşkil edib.
MDB ölkələrinin 50 iri banklarının sırasına Azərbaycandan bir bank – reytinqdə 33-cü yeri tutan Azərbaycan Beynəlxalq Bankı daxil olub.
Məlumatda deyilir ki, “bu ölkədən olan digər banklar buna kifayət qədər yaxın olsalar da, reytinqə daxil olmayıb. Reytinqdə təqdim olunan bütün ölkələr arasında, aktivlərinin ən güclü müsbət dinamikası nəzərə alınmaqla, ehtimal edilir ki, Azərbaycan növbəti illərdə MDB ölkələrinin 100 iri bankının reytinqində çoxlu sayda banklarla təqdim olunacaq”.
Qeyd edək ki, reytinqdə təqdim olunan bankların ümumi aktivləri 1 trilyon ABŞ dollarını cüzi aşır ki, bu da dünya ölçülərinə görə böyük göstərici deyil. Belə ki, təkcə “Bank of America” bankının aktivlərinin həcmi 2,3 trilyon ABŞ dollarına bərabərdir, Amerika Birləşmiş Ştatlarının bank holdinqlərinin yekun aktivləri isə 11 trilyon ABŞ dolları təşkil edir. 2010-cu ilin yekunlarına görə reytinqdə təqdim olunan bankların aktivləri dollar ekvivalentində 15 faiz artıb. Ümumilikdə 2010-cu il ərzində MDB ölkələrinin 100 iri bankının sıralarında 78 bankda aktivlərin yüksəlməsi, 22 bankda isə azalması müşahidə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: