Azərbaycan Beynəlxalq Bankı daha iki mükafata layiq görülüb
20 Aprel 2011 Çərşənbə 16:56
Avropanın aparıcı informasiya-analitik nəşri olan «EMEAfinance» Avropa, Yaxın Şərq və Afrikanın ən yaxşı bankların siyahısını müəyyən edib


Bakı. Vahab Rzayev – APA-Economics. Avropanın aparıcı informasiya-analitik nəşri olan «EMEAfinance» Avropa, Yaxın Şərq və Afrikanın ən yaxşı bankların siyahısını müəyyən edib. Bu il Azərbaycan Beynəlxalq Bankı (ABB) nəşrin iki mükafatına layiq görülüb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Europe Banking Award 2010» nominasiyasında ABB «Best Local Bank in Azerbaijan 2010» («Azərbaycanda 2010-cu ilin ən yaxşı yerli bank») mükafatına, «Project Finance Award 2010» nominasiyasında isə «Best Sustainability Award» («Ən yaxşı dayanıqlıq») mükafatına layiq görülüb.

Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, birinci mükafat ABB-nin ötən il əldə etdiyi uğurlara, ikincisi isə ABB-nin xüsusi əhəmiyyətli ekoloji layihələrdə iştirakına görə verilib. Bu layihələr sırasında Bankın kağız xammal və kağız məhsulları istehsalı zavodunun tikintisinin maliyyələşdirilməsində iştirakı xüsusi yeri tutur. Qeyd edək ki, layihənin ümumi dəyəri təxminən 80 mln. avro təşkil edib.

R.Ağayev bildirib ki, 2010-cu ilin mart ayında Bank «EMEAfinance» nəşrindən «Best Sustainability Deal» mükafatı alıb. Mükafat Bankın Azərbaycanda ilk külək enerjisi layihəsinin maliyyələşdirilməsində iştirakına görə verilib. Məcmu dəyəri 118 mln. avro olan bu layihə çərçivəsində məcmu istehsal gücü 50 MVt olan 20 külək stansiyasının inşası nəzərdə tutulur.

R.Ağayevin sözlərinə görə, 2011-ci ilin əvvəli ABB üçün mükafatlar baxımından zəngin olub. Belə ki, martın sonunda Demokratiya və İqtisadi İnkişaf Naminə - GUAM təşkilatı ilə «KBS-İzdat» beynəlxalq nəşriyyatı, «Credit Rating» və «Bankir» jurnalı ilə birgə təşkil olunan «MDB, Baltiya, Gürcüstan Bankları – 2010» I Beynəlxalq Müsabiqədə ABB «Ən yaxşı texnoloji bank» nominasiyasında qalib gəlib. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev isə «GUAM-ın ən yaxşı bankları – 2010» müsabiqəsində «İlin bankiri» mükafatına layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar