Azərbaycan bankı USAID-lə razılaşma imzaladı
07 Oktyabr 2010 Cümə Axşamı 17:10
“DəmirBank” və ABŞ Beynəlxalq İnkişaf Agentliyi kredit portfelinin təminatı üzrə razılaşma əldə edib.
“DəmirBank” mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə, xüsusi ilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrə kreditlərin verilməsi məqsədi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə 3,3 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması üçün 5 il müddətinə üçtərəfli razılaşma imzalayıblar.
“DəmirBank”ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, razılaşma Azərbaycanın qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasına yönəlib və həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün kreditə çıxışı və kreditin əldə edilməsi prosedurunu sadələşdirir.
"Biz USAID olaraq iqtisadi inkişaf üçün həlledici məna kəsb edən əsas sahələrdə özəl sektora aid kreditləşməni sövq etməkdən qürur duyuruq", - deyərək USAID-in Qafqaz üzrə Regional Missiyasının Direktoru Conatan Konli söyləyib. Onun sözlərinə görə, kreditin əldəolunma imkanlarının artırılması fərdlərə öz həyatlarını yaxşılaşdırmağa imkan verir və bölgələrdə iqtisadı inkişafa, xüsusilə də kənd təsərrüfatında daha yüksək artıma nail olunmasını mümkün edir: “Qeyri-neft sektorlarının inkişafı Azərbaycanın gələcək inkişafı üçün önəmlidir".
“DəmirBank ölkədə geniş filial şəbəkəsinə malikdir və bu aqrar sektorunun kreditləşməsi sahəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlığımız üçün yaxşı imkanlar yaradır. Proqramın reallaşması regionlarda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və yerli əhalinin rifahının daha da yaxşılaşması üçün çox vacibdir. Sosial baxımdan da proqramın uğurlu olacağına və ölkəmizdə aqrar sənayenin inkişafına tövhə verəcəyinə inanırıq” – deyə “DəmirBank”ın İdarə Heyətinin sədri Roman Əmircanov qeyd edib.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: