Bakı. Laçın Sultanova – APA. Avropa Şurası (AŞ) Nazirlər Komitəsi 2011-ci il üçün fəaliyyət proqramı və büdcəni qəbul edib.
APA-nın AŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədlərdə vəsaitlərin qənaət edilməsi, təşkilati xərclərin azaldılması, resursların prioritet istiqamətlərə yönəlməsi əksini tapıb.
Təsdiq olunmuş sənəddə AŞ-nin 2011-ci ilin ümumi büdcəsi 217 milyon avro təşkil edir. Bu rəqəm 2010-cu ilin büdcəsindən artıq olmayıb. Üzv ölkələrin ödənişləri 211 milyon avro təşkil edir.
47 ölkə arasında ən çox üzvlük haqqı ödəyən ölkə Fransadır. Bu ölkənin AŞ büdcəsinə ödəyəcəyi vəsait 37 900 141 avro təşkil edir. Sonrakı sırada Almaniya, İtaliya və Böyük Britaniya gəlir.
MDB ölkələri arasında ən çox vəsaiti isə Rusiya Federasiyası ödəyir – 29 758 480 avro.
Azərbaycanın AŞ-nin büdcəsinə ödəyəcəyi məbləğin miqdarı isə 850 624 avrodur. Digər Cənubi Qafqaz ölkələri - Gürcüstan AŞ-nin büdcəsinə 358 974 avro, Ermənistan isə 341 967 avro ödəyəcək.