Azərbayanda neft məhsulları satan 2 şirkət barəsində cinayət işi açılıb
02 Noyabr 2010 Çərşənbə Axşamı 13:00
"Texnoqrupcom" MMC və "Orbita-AB" MMC-də lisenziya alınmadan neft məhsullarının satışı aparılıb.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırmalar nəticəsində iki müəssisədə qanunsuz sahibkarlıq və vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktları müəyyən edilib və cinayət işləri başlanıb.
Vergilər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata göə, "Texnoqrupcom" MMC-də 1 sentyabr 2009-cu il tarixdən 1 iyun 2010-cu il tarixədək, "Orbita-AB" MMC-də isə 1 iyul 2008-ci il tarixdən 1 may 2010-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamaları aparılarkən müəyyən edilib ki, həmin cəmiyyətlərdə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan neft məhsullarının satışı aparılıb və həmin qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində külli miqdarda xalis gəlir əldə edilib.
Bundan başqa, "Texnoqrupcom" MMC-nin rəhbərliyi vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdarda əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayındırıb. "Orbita-AB" MMC-də isə vergi orqanına bəyannamə təqdim edilməmiş və bununla da xeyli miqdarda mənfəət vergisi dövlət büdcəsinə ödənilməkdən yayındırılıb.
Qeyd edək ki, "Texnoqrupcom" MMC üzrə toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2, "Orbita-AB" MMC üzrə isə 192.2.2 və 213.1-ci maddələri ilə cinayət işləri başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: