AXA MBASK icbari sığorta növlərinin satışına başlayıb
28 Dekabr 2011 Çərşənbə 17:20
AXA MBASK sığorta şirkəti İcbari Sığorta Növləri Bürosunun reyestrinə daxil edilib.
“İcbari sığorta növləri haqqında” qanuna əsasən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən icbari sığorta növləri ilə bağlı fəaliyyət üçün lisenziya alan “AXA MBASK” Sığorta Şirkəti icbari sığorta növlərinin satışına başlayıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, belə ki, “AXA MBASK” şirkəti avomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına, daşınmaz əmlakın icbari sığortasına, daşınmaz əmlakın istismarı ilə bağlı icbari sığortaya dair lisenziyalara malikdir. “AXA MBASK” sığorta şirkəti İcbari Sığorta Növləri Bürosunun reyestrinə daxil edilib və müvafiq sığorta növlərinin blanklarını əldə edib.
İcbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçiriləcək. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılacaq.
Qeyd edək ki, maliyyə müdafiəsi sahəsində dünya lideri olan “AXA Group” əsas diqqəti Avropa, Şimali Amerika, Asiya-Sakit okean bölgəsi və Yaxın Şərqə yetirmək şərtilə dünyanın 57 ölkəsində fəaliyyət göstərir. Hazırda gəliri 90 milyard avro, mənfəəti 3,5 milyard avro olan qrup dünyanın ən iri sığorta şirkətlərinin reytinq siyahısında birinci yer tutur, maliyyə yatırımlarının sığortası sahəsində liderlərdən biridir. 2011-ci ilin əvvəlinə olan məlumata görə şirkətin 210 mindən artıq əməkdaşı var, dünya boyu müştərilərinin isə sayı 96 milyondur. Nüfuzlu AM Best maliyyə agentliyinin məlumatına görə AXA 2009-cu ilin yekunlarına görə xalis mükafatların həcmi sahəsində dünyanın ən iri sığortaçısı olub.
DOSTLARINLA PAYLAŞ: