Avrozonanın borc böhranı Azərbaycanın büdcəsində nəzərə alınıb
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Samir Şərifov: "2012-ci ilin dövlət və hökumət büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılıb".
Bu gün Milli Məclisdə gələn ilin büdcə layihəsi müzakirəsi edilir. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2012-ci ildə əsas üstünlük sosial layihələrin icrasına veriləcək. Samir Şərifovun sözlərinə görə, büdcədə avrozonada yaşayan borc böhranı və dünya iqtisadiyyatında gedən proseslər də nəzərə alınıb.
“Dünya iqtisadiyyatında davam edən təzadlı iqtisadi durum və Avropa Birliyinə daxil olan bir çox dövlətlərdə yaşanan kəskin suveren borclar böhranı, onun Avropa maliyyə bank sisteminə, habelə qlobal iqtisadi artıma mənfi fəsadları şəraitində 2012-ci ilin dövlət və hökumət büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılıb. Dövlət Büdcəsi cari xərclərində icrasına başlanılmış dövlət proqramlarının və sosial tədbirlərin maliyyələşdirilməsinə üstünlük verilib”, - deyə Samir Şərifov vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda ÜDM artımı 5,7%, qeyri-neft sektoru ÜDM-nin 57%-ni təmin edəcək. 2012-ci ildə iqtisadiyyata investisiya qoyuluşlarının ümumi həcmi təxminən 14 mlrd. manat təşkil edəcək ki, bu da 2011-ci ilin göstəricisindən 10% çox olacaq. Bütovlükdə, gələn il investisiyaların 70%-dən çoxu daxili investisiyaların payına düşəcək. 2012-ci ildə orta aylıq nominal əmək haqqı 432 manat məbləğində proqnozlaşdırılır və 2011-ci ilin göstəricisindən 11,6% çox olacaq. 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 436,4 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin proqnozundan 5,7% çoxdur. Gələn il neft sektoru dövlət büdcəsinin gəlirlərinin 73%-ni, qeyri-neft sektoru isə 27%-ni təmin edəcək. 2012-ci ildə dövlət büdcəsinin xərcləri 16 mlrd. 984,4 mln. manat təşkil edəcək və 2011-ci illə müqayisədə 6,5% artacaq. Gələn il sosial xərclər 4,7 mlrd. manat və ya bütün büdcə xərcinin 28%-ni təşkil edəcək və 10% artacaq. Dövlət büdcəsinin əsaslı xərcləri 7,8 mlrd. manat və ya bütün xərclərin 46%-ni təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: