Avrozona Yunanıstanı xilas etdi
21 Fevral 2012 Çərşənbə Axşamı 11:22
Bu ölkəyə yeni kreditin verilməsi təsdiqləndi
Avrozona Yunanıstan iqtisadiyyatının xilas edilməsi planını təsdiqləyib. Belçikanın paytaxtı Brüsseldə Avrozonanın maliyyə nazirlərinin bütün gecə davam edən müzakirələrindən sonra Yunanıstana yeni kredit tranşının ayrılması razılaşdırılıb. Yunanıstanın martda müflisləşmədən xilas olması üçün ehtiyacı olan 130 milyard avro həcmində kredit 2014-cü ilin sonunadək veriləcək. Bu kreditin 14,5 milyard avrosu martın 20-dək təcili verilməlidir.
Avroqrupun rəhbəri Jan-Klod Yunker bildirib ki, proqram Yunanıstanın dövlət borcunun bir qisminin silinməsini də nəzərdə tutur. Belə ki, özəl kreditorlar Yunanıstanın borcunun 53,3 faizini, yəni 100 milyard avrodan çoxunu siləcək. Bununla da, Yunanıstanın Avrozonada öz yerini qoruyub saxlayacağına təminat verilib. Yunanıstanın maliyyə naziri Evanqelos Venizelos isə Yunanıstan borcunun silinməsi razılaşmasının sabahdan qüvvəyə minəcəyini açıqlayıb.
Avrozonanın təmin edəcəyi bu pullar müqabilində sərt iqtisadi islahatlar tələb olunurdu ki, Yunanıstan hökuməti də əhalinin etirazlarına baxmayaraq bu qənaət proqramını təsdiqləyib. Bu proqrama əsasən, əmək haqları və pensiyalar, səhiyyə və müdafiə sənayesinə ayrılan xərclər azaldılacaq ki, bu da büdcəyə 3,3 milyard avro qənaət edəcək.
DOSTLARINLA PAYLAŞ: