Aviadaşıyıcıların ümumi gəliri 2,5 milyard dollar olacaq
09 İyun 2010 Çərşənbə 11:05
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası dünya aviaşirkətlərinin ilin sonuna gözlənilən maliyyə göstəricilərini açıqladı.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası dünya aviaşirkətlərinin 2010-cu ilin sonuna gözlənilən maliyyə göstəricilərinə dair proqnozunu mənfidən müsbətə dəyişib. Belə ki, 2007-ci ildən etibarən ilk dəfə olaraq, bu il aviadaşıyıcıların ümumi gəlirinin 2,5 milyard dollar, mədaxilin isə 545 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Zərər çəkəcək yeganə region Avropa olacağı proqnozlaşdırılır ki, bu da İslandiyada vulkan püskürməsi ilə bağlıdır. Belə ki, Beynəlxalq Aviasiya Təşkilatının proqnozlarına əsasən, Avropa aviaşirkətləri ilin sonunadək 2,8 milyard dollar həcmində zərər çəkəcək.

Lider region isə Asiya və Sakit okean bölgəsi olacaq ki, buradakı aviadaşıyıcıların mənfəətinin 2,2 milyard dollara çatacağı proqnozlaşdırılır. Şimali Amerika aviadaşıyıcıları isə bu ili 1,9 milyard dollar, Latın Amerikası aviaşirkətləri isə 900 milyon dollarlıq mənfəətlə başa vuracaq.

Bununla yanaşı, beynəlxalq təşkilat 2010-cu ildə hava nəqliyyatı ilə sərnişindaşımanın 7,1 faiz, yükdaşımanın isə 18,5 faiz artacağını proqnozlaşdırır.

Qeyd edək ki, hələ bu ilin mart ayında assosiasiya aviaşirkətlərin 2010-cu ildə 2,8 milyard dollar zərər çəkəcəyini proqnozlaşdırırdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar