Atəşgah Sığortayeni regional ofis açıb
15 Mart 2011 Çərşənbə Axşamı 17:01
Şirkətin İsmayıllı şəhərində yeni ofisi istifadəyə verilib
Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Şirkətlər Qrupu regionlarda filial şəbəkəsinin inkişafı proqramı çərçivəsində və əhaliyə təklif etdiyi xidmətlərin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə İsmayıllı şəhərində yeni ofis istifadəyə verib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ofisin açılışı şəhər sakinlərinə bütün növ sığorta, həmçinin yeni - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta xidmətlərini təqdim etmək imkanı verəcək.
Xatırladaq ki, hazırda “Atəşgah”ın regional ofislərinin sayı 7-yə çatır. Birinci və ən iri ofis 2008-ci ildən Gəncədə fəaliyyət göstərir. Analoji ofis 2009-cu ilin avqustundan Salyanda, sentyabrından Lənkəranda, noyabrından Mingəçevir və Şəkidə, dekabrından Xaçmazda, 2011-ci ilin martından İsmayıllıda istifadəyə verilib.
Qeyd edək ki, “Atəşgah” sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. 2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq həyat sığortası üzrə “Atəşgah Həyat” şirkəti yaradılıb. Bu şirkət əvvəllər “Kavkaz Sığorta” adlandırılıb. Həmin il “Atəşgah” Sığorta Şirkəti və “Kavkaz Sığorta” ASC şirkətlər qrupu altında birləşiblər. Hazırda “Atəşgah” Sirkətlər Qrupuna “Atəşgah” ASC SŞ, “Atəşgah Həyat” ASC SŞ və “İntermed” Tibb Klinikası daxildir. 2010-cu ilin nəticələrinə əsasən “Atəşgah” SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,57 milyon manat, ödənişləri isə 5,26 milyon manat təşkil edib. “Atəşgah” Sığorta Şirkəti müştərilərinə 20-dən çox sığorta xidməti təklif edir.
DOSTLARINLA PAYLAŞ: