Atəşgah Sığorta birinci sinif şagirdlərini sevindirdi
15 Sentyabr 2010 Çərşənbə 16:55
Atəşgah Sığorta şirkəti 15 orta məktəbin şağirdlərinə məktəb ləvazimatı və saat hədiyyə edib.
Bu gün paytaxtın 15 orta məktəbinin birinci sinif şagirdləri xüsusi sevinc hissi yaşayıb. Səbəbkar "Atəşgah Sığorta” şirkəti şəhərin mərkəzində 7, 8, 134, 160 saylı və başqa məktəblərdə 256 şagirdə hədiyyələr verib. Əsasən məktəb ləvazimatı və saat hədiyyə edilib.
Şirkətdən verilən məlumata görə, bu, təhsillə bağlı geniş layihənin ilkin hissəsidir. Belə ki, bu günlərdə Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi Baş İdarəsi ilə orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində yol təhlükəsizliyi haqda dərslər keçilməsi barədə danışıqlar başlayacaq. Gələcəkdə bu dərsləri icbari etmək nəzərdə tutulur.
"Atəşgah Sığorta"dan bildirilib ki, məktəblilərlə iş "Arxayın valideyn" sığorta məhsulu çərçivəsində həyata keçirilir. Bundan başqa, "Arxayın sakin" və "Arxayın sürücü" məhsulları da var.
Qeyd edək ki, “Atəşgah Sığorta” şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda “ISR Holding” (49 faiz), ARDNŞ (30 faiz) və “Ran Exim” şirkəti (21 faiz) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 milyon manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: