"Atəşgah" loqotipini yenilədi
27 Aprel 2011 Çərşənbə 18:05
Sığorta şirkəti 15 illiyi ilə əlaqədar yenilik etmək qərarına gəlib
Bu il Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin 15 yaşı tamam olur. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu münasibətlə şirkət korporativ loqotipinin yeniləndiyini elan edir.
Bu dövr ərzində şirkət özünü Azərbaycan sığorta bazarında nəinki dayanıqlı və nüfuzlu maliyyə qurumu, həmçinin etibarlı tərəfdaş kimi də təsdiq edib. “Atəşgah”ın loqotipi Odu - üç alov şöləsini – Azərbaycan tarixinə olan ehtiram və məxsusluğu təcəssüm edir. Bu, əbədi Alov “Atəşgah”ın sönməyən enerji, dinamiklik və əməksevərliyinin bir nişanəsidir. Loqotip “Atəşgah”ın daxili əqidəsinin təsviri və hər bir əməkdaşının daxilində sönməyən alovudur.
Qarşıya qoyulan məqsədə sadiqlik, ehtiras və “öz” zirvəsini fəth etmək ehtirası, sönməyən arzu və istək son nəticədə möcüzələr yarada bilər. Məhz bu səbəbdən, şirkət 15-ci ildönümündə öz loqotipini əbədi arzu simvolu olan “Al yelkənlər”lə bəzəmək qərarına gəlib. Yenilənmiş al yelkənli loqotip “Atəşgah”ın irəliyə doğru məramını təcəssüm edir.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. “Atəşgah” ASC SŞ, “Atəşgah Həyat” ASC SŞ və “İntermed” Tibb Klinikası ilə birgə “Atəşgah” Sığorta Qrupuna daxildir. Ötən ilin nəticələrinə əsasən “Atəşgah” SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
DOSTLARINLA PAYLAŞ: