Atəşgah Həyat şirkəti kapitalını artırır
27 Dekabr 2011 Çərşənbə Axşamı 19:17
Atəşgah Həyat şirkətinin kapitalı 0,7 milyon artırılaraq 4 milyon manata çatdırılacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Atəşgah Həyat” həyat sığortası şirkətinin 4 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, emissiyanın yerləşdirilməsi 3300 manat nominalında olan 1000 səhmin elə bu həcmdə 4000 manat nominallı səhmlərə konvertasiyası yolu ilə keçiriləcək.
Bununla da şirkətin nizamnamə kapitalı 0,7 milyon artaraq 4 milyon manata çatdırılacaq.
Qeyd edək ki, 2008-ci ilin dekabrında təsis edilən "Atəşgah Həyat" SŞ ölkədə həyat sığortası üzrə ilk şirkətdir. “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Dövlət Neft Şirkəti, eləcə də kommersiya təşkilatları – "İSR Holding" və "RAN-Eksimdir". “Atəşgah Həyat” ASC SŞ, “Atəşgah” ASC SŞ və “İntermed” Tibb Klinikası ilə birgə “Atəşgah” Sığorta Qrupuna daxildir. 2010-cu ilin nəticələrinə əsasən, “Atəşgah” SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.
DOSTLARINLA PAYLAŞ: