Atəşgah Həyat ABŞ səfirliyinin əməkdaşlarını sığortaladı
20 Oktyabr 2011 Cümə Axşamı 17:36
Atəşgah Həyat sığorta şirkəti Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının sığortalanması üzrə elan edilən tenderin qalibi olub.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” sığorta şirkəti (SŞ) ABŞ-nın Azərbaycandakı səfirliyinin əməkdaşlarının sığortalanması üzrə elan edilən tenderin qalibi olub. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, belə ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən, “Atəşgah Həyat” şirkəti səfirlik əməkdaşlarının könüllü həyat sığortasını həyata keçirib.
Xatırladaq ki, “Atəşgah Həyat” SŞ könüllü həyat sığortası xidmətini həm fiziki, həm də hüquqi şəxslərə təklif edir.
Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” 1998-ci ilin martında təsis edilib və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq, 2008-ci ilin dekabrında həyat sığortası xidmətləri göstərmək üçün qeydiyyatdan keçib. Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. Şirkətin səhmdarları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), eləcə də kommersiya təşkilatları olan – “İSR Holding” və “RAN–Eksim”dir. “Atəşgah Həyat” SŞ, “Atəşgah” SŞ və “İntermed” Tibb Klinikası “Atəşgah” Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən “Atəşgah” SQ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: