AtaSığorta və AzərPoçt əməkdaşlıq müqaviləsini imzaladı
14 Dekabr 2011 Çərşənbə 18:27
Sığorta şirkəti sığorta növləri üzrə xidmətlərini dövlət təşkilatının poçt filialları və şöbələri vasitəsilə sığorta olunanlara təklif edəcək.
Bu gün “AtaSığorta” ASC və “AzərPoçt” MMC arasında müqavilənin imzalanmasına həsr olunmuş mətbuat konfransı keçirilib. ANS PRESS-in məlumatına görə, konfransda “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Tamerlan Hacıyev, İdarə Heyətinin sədr müavini İsrail Qarayev, Biznesin İnkişafı departamentinin direktoru Fuad Əliyev və “Azərpoçt” MMC baş direktorun müavini Sübhan Kazımov, eləcə də qurumun maliyyə xidmətlərinin Marketinq şöbəsinin müdiri Yaşar Əhmədov iştirak edib.

İmzalanan müqaviləyə əsasən, “AtaSığorta” ASC könüllü və icbari sığorta növləri üzrə xidmətlərini “Azərpoçt” dövlət təşkilatının poçt filialları və şöbələri vasitəsilə sığorta olunanlara təklif edəcək.

“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri T. Hacıyev imzalanan müqaviləni doğuran səbəbləri və əhəmiyyətini şərh edərkən deyib ki, sığorta bazarının növbəti ildə genişlənməsini və həcminin artmasını proqnozlaşdıraraq, “AtaSığorta” ASC yeni biznes strategiyası hazırlayıb və konkret fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu istiqamətdə görülən əsas işlərdən biri kimi geniş şəbəkəyə malik qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasına böyük önəm verilib: “Aparılan işlərin nəticəsi olaraq, “AtaSığorta” ilə ölkənin ən iri şəbəkəyə malik olan, etibarlı və nüfuzlu “Azərpoçt” dövlət təşkilatı arasında əməkdaşlıq müqaviləsi bağlanır. Ümidvaram ki, bağlanan müqavilə sığorta məhsullarının müasir səviyyədə və keyfiyyətlə sığorta olunanlara təqdim edilməsində böyük rol oynayacaq”.

“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavini İsrail Qarayev isə qeyd edib ki, “AtaSığorta” ASC ölkənin sığorta bazarının inkişafına töhvə vermək, bütün yeni biznes layihələrində qabaqcıl mövqedə durmaq ənənəsinə sadiq qalaraq və icbari sığorta növləri üzrə fəaliyyətini təmin etmək məqsədilə, yeni yaranmış “İcbari Sığorta Bürosu”nun təsisçisi və iştirakçısı olub. Onun sözlərinə görə, sığorta bazarının yaxın dövrdə potensialının ilbəil artmasını proqnozlaşdıraraq “AtaSığorta” həm könüllü, həm də icbari sığorta növlər üzrə öz fəaliyyətini genişləndirəcək.

“Azərpoçt” MMC-nin baş direktorun müavini Sübhan Kazımov isə bildirib ki, dövlət tərəfindən sığortanın inkişaf etdirilməsi, bu xidmət növünün köməyilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirilir: “Bu ildən bir sıra yeni icbari sığorta növlərinin tətbiqinə başlanılıb. Bu baxımdan hesab edirəm ki, milli poçt operatoru kimi "Azərpoçt" MMC-nin də üzərinə böyük vəzifələr düşür. Bütün Azərbaycanı əhatə edən poçt şöbələrimizdə əhalinin rahat şəkildə sığorta məhsullarını “AtaSığorta” ASC-dən əldə etmələrinə imkan yaradacağıq”.

Qeyd edək ki, “Ata Sığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən isə tam lisenziyalı sığorta fəaliyətini həyata keçirir. Təsisçisi (səhmdarı) “AtaHoldinq” ASC olan şirkətin ödənilmiş nizamnamə kapitalı 5 milyon manat təşkil edir. “AtaSığorta” şirkəti 27 növ sığorta xidmətləri, onlardan 22 könüllü və 5 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

"Azərpoçt" MMC Respublikamızda poçt xidmətləri göstərən yeganə milli poçt operatorudur. Müəssisə həm fərdi şəxslərə, həm də biznes qurumlarına geniş çeşiddə, aşağı qiymətlə xidmətlər göstərir. Dünya Bankının maliyyələşdirdiyi Maliyyə xidmətlərinin inkişafı layihəsinin icrası nəticəsində “Azərpoçt” MMC-də güclü maddi-texniki baza qurulub, qabaqcıl informasiya texnologiyalarının tətbiqi həyata keçirilib, peşəkar işçi heyəti formalaşdırılıb və görülmüş bütün bu tədbirlərin nəticəsi olaraq 16 aprel 2010-cu il tarixində Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinin göstərilməsi üçün “Azərpoçt” MMC-yə verilmiş lisenziyaya əsasən ölkəmizin poçt sektoruna aid ən-ənəvi xidmətlərlə yanaşı bank maliyyə xidmətlərinin də göstərilməsi həyata keçirilir.Hazırda "Azərpoçt" MMC-nin 70 poçt filialı, 1500 poçt şöbəsi və 130 poçt agentliyi var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar