AtaBank 2 yeni filial açacaq
01 Fevral 2010 Bazar Ertəsi 12:05
AtaBank 2 yeni filial açacaq. Bu ilin növbəti aylarında 10 ədəd bankomatın quraşdırılması nəzərdə tutulur.
Ötən ilin əvvəli ilə müqayisədə ilin sonuna “AtaBank” ASC-nin aktivləri 30,4 faiz və ya 46,5 milyon manat artaraq 199,3 milyon manata çatıb.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilin əvvəlinə bankın aktivləri 152,8 milyon manat təşkil edirdi. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli də il ərzində artıb. Nəticədə kredit portfeli 29,0 faiz və ya 28,7 milyon manat artaraq 127,4 milyon manatı keçib. İlin əvvəlində bu göstərici 98,7 milyon manat idi.
2009-cu ilin yekunlarına görə bankın müddətli depozit portfeli əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu göstərici 64,5 faiz və ya 53,8 milyon manat artaraq 137,2 milyon manata çatıb. Qeyd edək ki, 2009-cu ilin əvvəlinə bu göstərici 83,4 milyon manat təşkil edirdi.
2009-cu il ərzində fiziki şəxslərin müddətli əmanətlərinin böyük dinamikası müşahidə olunub. Belə ki, ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin əmanətləri 39,1 faiz artaraq 78,7 milyon manatı keçib.
İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 2,3 faiz və 26,8 faiz təşkil edib.
İl ərzində bankın məcmu kapitalı 29,0 faiz və ya 5,7 milyon manat artaraq 25,1 milyon manata çatdırılıb. İlin nəticəsi üzrə bankın xalis mənfəəti 4,0 milyon manat olub.
2009-cu ilin noyabr ayında banka yeni “SMS-infocard” xidməti tətbiq edilib. “SMS-infocard” xidməti vasitəsilə hər bir müştəri kart hesabında aparılan əməliyyatlar barədə mobil telefonuna dərhal SMS şəklində məlumat alır. “SMS-infocard” xidmətinə qoşulma bankomat vasitəsilə həyata keçirilir. “SMS-infocard” xidmətinə qoşulma və istifadəyə görə bank tərəfindən müştərilərdən xidmət haqqı tutulmur. 2009-cu ilin dekabr ayında bu xidmət növü tam olaraq dövriyyəyə buraxılıb.
Əlavə olaraq “retail” proqramının inkişafı məqsədilə bankın filial şəbəkəsinin genişləndirilməsinə də qərar verilib. Belə ki, 2010-cu ilin ilk aylarında, müvafiq icazələr alındıqdan sonra, bankın 2 yeni şəhər filiallarının açılışı planlaşdırılır. Bundan sonra xidmət şəbəkəsinin sayı 20-ə çatacaq. Bu xidmət bölmələrinin 9-u regionlarda yerləşir.
2009-cu ilin sonunda bankda yeni sürətli pul köçürmə sistemləri olan “Zolotaya korona” və “Blizko”-ya qoşulması prosesinə başlanılıb. Yaxın günlərdə bankın bütün filial və şöbələrində bu sistemlərin tam fəaliyyətə başlaması planlaşdırılır.
Son 1 il ərzində bankın bankomatlarının sayı 46-dan 50-yə çatdırılıb. Bu ilin növbəti aylarında daha 10 ədəd bankomatın quraşdırılması nəzərdə tutulur. 2009-cu il ərzində POS terminal şəbəkəsinin sayı isə 289 ədədə çatdırılıb.
“AtaBank” ASC keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunun təmin edilməsi məqsədilə, sertifikatlaşdırma işlərini müvəffəqiyyətlə başa çatdıraraq “Bureau Veritas” şirkəti tərəfindən 03 aprel 2007-ci il tarixli, 210667 nömrəli bütün növ bank xidmətlərini əhatə edən “İSO 9001:2000” sertifikatı ilə təltif edilmişdir və 2009-cu ilin may ayında təkrar auditdən keçərək öz sertifikatını qoruya bilib.
2009-cu ildə bank öz internet saytını yeniləşdirilmiş və daha mükəmməl formada müştərilərə təqdim edib.
2010-cu ildə bankın maliyyə göstəricilərinin artımı və institusional inkişafının uğurla davam etdirilməsi planlaşdırılır. Belə ki, bank 2010-cu ildə xidmət şəbəkəsini genişləndirməyi, əməkdaşların peşəkar səviyyəsinin daha da təkmilləşdirməyi, yeni xidmətlər və məhsullar tətbiq etməyi, beynəlxalq kredit və depozit reytinqlərini almağı və s. məqsədləri qarşısına qoyub.
Hazırda bankın 2009-cu il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditi beynəlxalq şirkət “BAKER TILLY Azerbaijan” tərəfindən aparılmaqdadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: