ARDNŞ və “Qazprom” anlaşdılar
30 Dekabr 2009 Çərşənbə 16:40
ARDNŞ və “Qazprom” anlaşdılar. İlkin dövrdə Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac olunacaq.
Rusiyanın “Qazprom” ASC və “Qazprom Eksport” MMC-nin nümayəndələri 29-30 dekabr tarixlərində Azərbaycan təbii qazının Rusiyaya təchizatının texniki məsələləri üzrə vəziyyətlə yerində tanış olmaq üçün ölkəmizə səfər ediblər. Onlar ARDNŞ-nin Qaz İxracı İdarəsinin mütəxəssisləri ilə birlikdə “Şirvanovka” qaz ölçü stansiyasına baxış keçirib və müştərək təftiş aparıblar.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tərəflər “Şirvanovka” qaz ölçü stansiyasının qazın Rusiya tərəfinə ötürülməsi üçün tam hazır vəziyyətdə olması və burada quraşdırılan avadanlığın beynəlxalq standartlara cavab verməsi qənaətinə gəliblər.
Bundan sonra tərəflər arasında müvafiq protokol imzalanıb.
Azərbaycan tərəfi 1 yanvar 2010-cu il tarixdə saat 11 radələrində qonşu ölkəyə qaz ixracına başlayacaq.
İlkin dövrdə Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: