ARDNŞ-in yeni vitse-prezidenti təqdim olunub
20 İyul 2010 Çərşənbə Axşamı 10:20
Tofiq Ridvan oğlu Qəhrəmanov strateji inkişaf üzrə vitse-prezident təyin olunub.
Dövlət Neft Şirkətinə (ARDNŞ) yeni təyin olunmuş vitse-prezidentin və digər vəzifəli şəxslərin təqdim olunma mərasimi keçirilib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək, dövlət başçısının ARDNŞ-in idarəetmə strukturunda strateji inkişaf üzrə vitse-prezident ştatının yaradılmasına qərar verdiyini bildirib.
Dövlət başçısının 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə bu vəzifəyə Tofiq Ridvan oğlu Qəhrəmanov təyin olunub. Rövnəq Abdullayev Tofiq Qəhrəmanovun əmək fəaliyyətindən danışıb, onun ARDNŞ kollektivində böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadr olduğunu vurğulayıb. ARDNŞ prezidenti strateji inkişaf üzrə vitse-prezidenti təbrik edərək ona uğurlar arzulayıb.
Daha sonra R.Abdullayev ARDNŞ-in Baş Ofisində İnformasiya Texnologiyaları Departamentinin yaradıldığını və həmin Departamentin rəisliyinə İlham Tağı oğlu Aslanovun təyi olunduğunu söyləyib. ARDNŞ-nin prezidenti həmçinin başqa bir əmrlə Ədnan Azər oğlu Əhmədzadəni Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin etdiyini bildirib.
Tofiq Ridvan oğlu Qəhrəmanov 1953-cü ildə anadan olub, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib. Əmək fəaliyyətinə Yeni Bakı Neftayırma Zavodunda mühəndis vəzifəsindən başlayan T. Qəhrəmanov 1980-1983-cü illərdə zavodun komsomol komitəsinin katibi, 1983-1990-cı illərdə Nizami rayon və Bakı şəhər Partiya komitəsində təlimatçı vəzifələrində çalışıb. 1990-1998-ci illərdə Yeni Bakı Neftayırma Zavodunun direktor müavini, 1998-2006-cı illərdə “Azərneftyanacaq” Neft Emalı Zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda İqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifəsində işləyib. 2006-2007-ci illərdə ARDNŞ aparatında Emalın strateji inkişafı şöbəsinin rəisi işləyib, 2007-ci ildə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi təyin olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: