ARDNŞ-ə Türkiyədə neft emalı zavodunun inşasına lisenziya verilib
24 İyul 2010 Şənbə 11:25
Taner Yıldız müvafiq lisenziyanı ARDNŞ prezidenti Rövnəq Abdullayevə təqdim edib.
Ankarada Rixos Otelində “SOCAR-TURCAS” Birgə Müəssisəsinə İzmir bölgəsində yeni neft emalı zavodunun tikilməsinə dair Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) müvafiq lisenziyasının verilməsinə həsr olunmuş mərasim və mətbuat konfransı keçirilib.

ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə “SOCAR-TURCAS” Birgə Müəssisəsinin icraçı direktoru və “Petkim” İdarə heyətinin üzvü Kənan Yavuz açaraq bildirib ki, yeni Ege Neft Emalı Zavodu “SOCAR-TURCAS” Birgə müəssisəsi tərəfindən idarə olunan “Petkim” neft-kimya kompleksinin Əliağa bölgəsində yerləşən istehsalat ərazisində inşa ediləcək və türk sənayesinin inkişafında mühüm rol oynayacaq. Müasir texnologiyalara uyğun yaradılacaq bu zavod ildə 10 milyon ton neft emal etmək gücünə malik olacaq. Yeni zavodun tikintisi dövründə burda 7-10 min, fəaliyyətə başladıqdan sonra isə min nəfər çalışacaq. O həmçinin vurğulayıb ki, lisenziyanın alınması ilə Əliağa bölgəsində inşa edilməsi planlaşdırılan yeni neft emalı zavodu layihəsi ilə əlaqədar işlər artıq növbəti mərhələyə qədəm qoyur və bu mərhələdə də planauyğun şəkildə uğurla davam etdiriləcək.

Sonra çıxış edən EPDK-in rəhbəri Hasan Köktaş qeyd edib ki, lisenziyanın alınması üçün quruma 2008-ci ilin dekabrında müraciət edilib və aparılan araşdırmalardan sonra “SOCAR-TURCAS” Birgə Müəssisəsinə müvafiq lisenziya verilib.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan və Türkiyə əlaqələrindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan geniş bəhs edib, iki dost və qardaş ölkənin strateji müttəfiq olduğu sahələrdən ətraflı danışıb. Çıxışının sonunda Taner Yıldız Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun müvafiq lisenziyasını ARDNŞ prezidenti Rövnəq Abdullayevə təqdim edib. Rövnəq Abdullayev isə öz növbəsində Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldıza xatirə nişanı təqdim edib. Mərasimdə bildirilib ki, “Petkim”in nəzdində emal zavodunun inşası bu kompleksin xammal kimi istifadə etdiyi neft emalı məhsulları ilə təminatında ciddi irəliləyişə təkan verəcək. Digər tərəfdən, zavodda istehsal olunacaq məhsullar Türkiyə bazarında reallaşdırılacaq. Bu layihə tezliklə, Azərbaycan və Türkiyənin iqtisadi cəhətdən daha da qüdrətlənməsinə öz töhfəsini verəcək.

Tədbir mətbuat konfransı ilə davam etdirilmişdir. Mərasimdə Türkiyə Böyük Millət Məclisinin İzmirdən seçilmiş millət vəkilləri də iştirak ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar