ARDNŞ-də yeni departament yaradılıb
26 Aprel 2011 Çərşənbə Axşamı 20:25
Departamentin şöbələrinə ABŞ universitetlərində təhsil almış məzunlar rəis təyin olunub.
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) insan resurslarının idarə edilməsi və digər işlərin təkmilləşdirilməsi məqsədi ilə “İnsan resursları departamenti” yaradılıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, departament “Üçot və işçilərlə əlaqələr”, “Təlim və inkişaf” və “İşə qəbul və yerləşdirmə” şöbələrindən ibarətdir.

Yeni yaradılmış departament insan resurslarının idarə edilməsi üzrə işlərin vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək. Müvafiq struktura malik olan yeni departamentin yaradılması şirkətin idarə və müəssisələrində bu sahədə fəaliyyətin optimal tənzimlənməsinə yönələn ümumi norma, tələb və qaydaları müəyyən edən standart sənədlərin işlənməsində, qəbul edilməsində və tətbiq olunmasında operativliyi təmin edəcək, ümumiyyətlə, insan resursları üzrə fəaliyyətin təkmilləşdirilməsinə xidmət göstərəcək.

Artıq departamentin şöbələrinə ilk təyinatlar olub. ARDNŞ-nin Təqaüd Proqramının ilk iştirakçılarından olmuş Oksford Universitetinin magistri Tural Əliyev “Təlim və inkişaf” şöbəsinin, Oklahoma Universitetinin magistri Teymur Mahmudov isə “İşə qəbul və yerləşdirmə” şöbəsinin rəisi vəzifələrinə təyin olunublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar