ARDNŞ 9 ayın hesabatını verdi
08 Oktyabr 2010 Cümə 16:35
Dövlət Neft Şirkəti ölkənin yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri tam yerinə yetirib.
Bu ilin sentyabr ayı ərzində Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin təbii qaz təchizatı sisteminə 881 milyon 066 min kubmetr “mavi yanacaq” verib.

Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində yeraltı qaz anbarlarına 260 milyon 054 min kubmetr təbii qaz vurulub. Bununla da sentyabr ayı ərzində 621 milyon 012 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 527 milyon 120 min kubmetr təbii qaz verilib, Gürcüstana 14 milyon 345 min kubmetr, Rusiyaya 60 milyon 614 min kubmetr qaz ixrac olunub, Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 18 milyon 933 min kubmetr “mavi yanacaq” ötürülüb.

Qeyd edək ki, Dövlət Neft Şirkəti cari ilin 9 ayında Azərbaycan Respublikasının yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Belə ki, yanvar-sentyabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 8 milyard 365 milyon 780 min kubmetr “mavi yanacaq” verib ki, bu da proqnozdan 704 milyon 280 min kubmetr çoxdur.

Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracına dair bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından 638 milyon 680 min kubmetr “mavi yanacaq” götürülüb.

Bununla yanaşı yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 312 milyon 982 min kubmetr qaz vurulub. Beləliklə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 7 milyard 691 milyon 478 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 6 milyard 562 milyon 496 min kubmetr təbii qaz verilib, Gürcüstana 247 milyon 355 min kubmetr, Rusiyaya 618 milyon 005 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 263 milyon 622 min kubmetr “mavi yanacaq” ötürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar