ARDNF-in aktivləri 32,4 milyard dollara çatıb
19 Aprel 2012 Cümə Axşamı 18:18
Dövlət Neft Fondunun büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil edib.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil edib. Fonddan ANS PRESS-ə verilən məlumata görə, yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 352,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 349,4 milyon manat, tranzit gəlirləri 1,3 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 234,5 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəliri 336,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2012-ci il büdcəsinin icrası çərçivəsində 1 839,8 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Bundan əlavə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 48,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 20,8 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,7 milyon manat, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 4,8 milyon manat ayrılıb. Bu ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 2,1 milyon manat olub.

Beləliklə, 2012-ci il aprelin 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon dollar) nisbətən 8,6 faiz artaraq 32 359,4 milyon dollara bərabər olub.

Həmçinin qeyd edilir ki, 2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu dövr ərzində qızıl ehtiyatı 2 804 kq (90 143 unsiya) təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar