Alıcı ilə tanış ol
21 İyun 2011 Çərşənbə Axşamı 18:59
"BP-Azərbaycan" şirkətindən yerli bazarın inkişafına daha bir dəstək
Bu gün BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tiflis-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) tərəfdaşları adından “Alıcı ilə tanış ol” sərgisini təşkil edib. “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Hyatt” Konfrans Mərkəzində keçirilən bir günlük bu tədbir BP və onun tərəfdaşlarının yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyinin bir hissəsidir. Bu məqsədə yerli şirkətlərin bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək vasitəsilə nail olunur.

“Alıcı ilə tanış ol” tədbiri konkret olaraq yerli şirkətlərə öz məhsul və xidmətlərini potensial alıcılara təqdim etmək imkanı yaratmaq üçün nəzərdə tutulub. Tədbir yerli şirkətlərin böyük bir qrupuna neft və qaz sənayesinin təchizat sahəsində fəal iştirak edən beynəlxalq və yerli şirkətlərlə tanış olmaq imkanı yaradır. Bu, yerli şirkətlər üçün BP və digər böyük beynəlxalq şirkətlər kimi potensial alıcılara nə təklif edə biləcəklərini birbaşa təqdim etmək imkanıdır. Digər tərəfdən, bu tədbir həm də potensial alıcılar üçün yerli bazarı qiymətləndirmək və onlara ölkə daxilində nələrin təklif olunduğunu müəyyənləşdirmək üçün gözəl bir imkandır.

Tədbirdə 90-a yaxın yerli şirkət iştirak edir ki, onların hamısı biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis-layihələşdirmə, tikinti, maddi-texniki tədarük, tullantıların idarə edilməsi və digər kateqoriyaları təmsil edən müəssisələrdir. Bunlar BP və onun tərəfdaşlarının sponsorluq etdiyi milyonlarla dollar dəyərində olan Sahibkarlığın İnkişafı və Təlim Proqramının (SİTP) iştirakçısı olan şirkətlərdir. Bundan başqa, təxminən 50 şirkət və təşkilat bu tədbirdə potensial alıcı kimi iştirak edir.

BP-nin kontraktların icrası üzrə meneceri Pol Evans tədbirin açılışında çıxış edərək deyib ki, yerli şirkətlər üçün bu imkanı yaratmağımızdan çox məmnundur: “Zənnimizcə, bu, BP və onun tərəfdaşlarının regionda təşkil etdiyi ilk bu tipli sərgidir. Əməliyyatlarımızda yerli şirkətlərin iştirakının artırılması bizim strateji məqsədimizdir. Bu məqsədə çatmaq üçün biz Azərbaycandakı şirkətlərə regionda çox mühüm neft-qaz işlənmələrinə dəstək olmaq üçün öz bizneslərini inkişaf etdirmək məqsədilə kömək edirik – buna görə də 3 il bundan əvvəl Sahibkarlığın İnkişafı və Təlim Proqramı da daxil olmaqla müxtəlif proqramlar təsis etmişik”.

İndiyədək bu proqramı 90-dək yerli şirkət başa vurub ki, onlardan da 17-si xüsusilə uğurlu olub. Bunlar BP ilə ümumi dəyəri 65 milyon dollardan artıq müqavilələr bağlayaraq yeni iş yerləri açmağa və sərmayələr qoymağa nail olmuş şirkətlərdir ki, onlar hazırda BP-nin Azərbaycanda və Gürcüstanda həyata keçirdiyi əməliyyatlarda podratçı kimi iştirak edirlər.

Onun sözlərinə görə, beş il bundan əvvəl BP ölkə daxilindəki xərclərini ikiqat artıraraq ildə 1 milyard dollara çatdırmaq məqsədini açıqlamışdı: “Bura həm birbaşa, həm də öz beynəlxalq podratçıları vasitəsilə dolayısı ilə xərclədiyi məbləğ daxildir. Böyük məmnuniyyətlə bildirirəm ki, biz bu məqsədə artıq 2009-cu ildən başlayarq nail olmuşuq və bundan sonra da yerli bazarın inkişafına kömək etmək öhdəliyimizə sadiq qalacağıq.” ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar