Alfa Sığorta illik proqnozu yerinə yetirib
24 Yanvar 2011 Bazar Ertəsi 17:30
Alfa Sığorta illik proqnozu yerinə yetirib. Ötən ilin yanvar-dekabr ayları ərzində şirkətə 2 268 088 manat sığorta haqqı daxil olub.
“Alfa Sığorta” şirkəti 2010-cu ildə qarşısına qoyduğu hədəflərə və məqsədlərə çataraq illik sığorta daxilolmaları proqnozunu artıqlaması ilə yerinə yetirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən ilin yanvar-dekabr ayları ərzində şirkətə 2 268 088 manat sığorta haqqı daxil olub ki, bu da illik proqnozdan 268 088 manat artıqdır.
Məlumata görə, daxil olmuş sığorta haqlarının 2 104 737 manatı və ya 93 faizi könüllü sığorta növlərinin, 163 350 manatı - 7 faizi icbari sığorta növlərinin payına düşüb. Könüllü sığorta növləri içərisində əsas yeri 964 817 manatlıq daxilolma ilə avtonəqliyyat vasitələrinin sığortası, 801 122 manat daxilolma ilə fərdi qəza və xəstəlik sığortaları tutur. Bu sığorta növlərinin ümumi daxilolmalardakı payı müvafiq olaraq 42 faiz və 35 faizə bərabərdir.
Müvafiq dövr ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə şirkətə 195 347 manat (8,6 faiz), yüklərin sığortası üzrə 75 000 manat (3,3 faiz), məsuliyyət sığortaları üzrə 26 260 manat, tibbi sığorta üzrə 21 650 manat, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə 20 528 manat sığorta haqqı daxil olub. İcbari sığortalarda isə öz çəkisinə görə əsas yeri 156 560 manatlıq sığorta haqqı ilə (96,8 faiz, şirkətin ümumi daxilolmalardakı payı isə 6,9 faiz) əmlakın yanğından icbari sığortası tutur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şirkətə cəmisi 6790 manat sığorta haqqı daxil olub.
2010 - cu il ərzində baş vermiş sığorta hadisələrinə görə 286 430 manat sığorta ödənişi həyata keçirilib ki, bunun da 281 930 manatı (98,4 faiz) könüllü sığorta növlərinin, 4 500 manatı - başqa sözlə 1,6 faizi icbari sığorta növlərinin payına düşüb. Könüllü sığorta növləri üzrə ödənişlərin içərisində əsas yeri 154 890 manatla (55 faiz) avtonəqliyyat vasitələrinin sığortası, 52 437 manatla kənd təsərrüfatı heyvanlarının sığortası (18,5 faiz), 24 387 manatla əmlakın sığortası növləri tutur. İcbari sığorta növləri üzrə həyata keçirilmiş ödənişlər isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (2000 manat) və yanğından icbari sığortanın (2500 manat) payına düşüb.
Qeyd edək ki, şirkətə 2010-cu ildə daxil olan sığorta haqları 2009-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə 1 342 367 manat və ya 145 faiz çoxdur. 2009-cu ildə şirkətə əmlakın yanğından və digər əlavə risklərdən sığortası üzrə 86 742 manat, yüklərin (nəqliyyat) sığortası üzrə 10 554 manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 213 000 manat, fərdi qəza və xəstəlik sığortaları üzrə 341 418 manat, tibbi sığorta üzrə 2402 manat, heyvanların sığortası üzrə 162 000 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2313 manat, yanğından icbari sığorta üzrə 29 096 manat sığorta haqları daxil olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: