Akkord Çin və Türkiyə şirkətləri ilə memorandum imzalayıb
27 İyul 2012 Cümə 18:06
Bakıda Akkord Korporasiyasında Çin Xalq Respublikasının Dövlət Şirkəti olan SİNOMA şirkətlər qrupunun prezidenti Tan Zhongming və Türkiyənin SC Endüstri Şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Akkord Korporasiyası ilə SİNOMA şirkətlər qrupu və SC şirkəti arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları, eyni zamanda SİNOMA Qrupunun törəmə şirkəti olan CBMI şirkətinin Qazax Sement Zavodunda apardığı işlərin hazırkı vəziyyəti müzakirə edilib.

Qonaqlarla səmimi şəraitdə keçən görüşdə “Akkord” Korporasiyası Direktorlar Şurasının sədri Xaqani Quluzadə korporasiyanın şirkətlər arasındakı bu əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayıb, gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq layihələrdə birgə çalışmaq fürsətlərinin olacağına ümid etdiyini söyləyib. Görüşdə xüsusi müzakirə obyekti olan məsələlərdən biri də Qazax Sement Zavodunun gündə 2500 ton klinker istehsal gücünə malik olan xəttinin istifadəyə verilməsi ilə eyni vaxtda yeni - gündə 5000 ton klinker istehsal gücünə malik olacaq yeni xəttinin bünövrəsinin qoyulacağı olub. İki layihənin tamamlanmasından sonra zavodun illik sement istehsalı gücünün 3 mln. tona çatdırılacağı hədəflənib.

Görüşün sonunda “Akkord” Korporasiyası ilə “SİNOMA Group”a daxil olan CBMİ şirkəti və “SC Endustri” Şirkəti arasında Qazax Sement zavodda gələcəkdə görüləcək işlərlə bağlı, eyni zamanda maliyyə və birgə infrastrukturun - enerji, su və su təmizləyici sistemlərin qurulması və s. sahəsində üçtərəfli memorandum imzalanıb.

Bildirilib ki, gələcəkdə görüləcək işlər üçün birgə işçi qrupu yaradılıb. İşçi qrupun ölkələr üzrə hazırlayacağı təkliflər ümumi müzakirədən keçirildikdən sonra rəhbərliyin müzakirəsinə veriləcək və birgə fəaliyyətin istiqamətləri müəyyənləşdiriləcək.

Görüşdən sonra nümayəndə heyəti Qazax rayonunun Daş Salahlı kəndində inşası bitmək üzrə olan “Akkord” Qazax Sement Zavodunda olub, tikintinin gedişinə nəzarət edərək yeni tikiləcək zavodun ərazisinə baxış keçirmiş və infrastruktur imkanlarını nəzərdən keçiriblər.

Daha sonra nümayəndə heyəti Qazax və Ağstafa rayonlarının İcra hakimiyyətlərində görüş keçirib, rayonların biznes mühiti, özəl sektoru və biznes imkanlarının inkişaf perspektivləri ətrafında müzakirə aparıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar