“AER” dondurma şirkətinin rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib
19 İyul 2010 Bazar Ertəsi 17:15
Baş Prokurorluq “AER” şirkəti və onun rəhbəri tərəfindən törədilən cinayət əməlləri barədə növbəti açıqlama yayıb.
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda həbs edilən “AER” şirkətinin rəhbərinin digər cinayət əməllərinin üstü açılıb. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Şükürov Azər Əkbər oğlunun direktoru olduğu Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 21 saylı ünvanda fəaliyyət göstərən “AER” firmasında dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğunun yoxlanılması zamanı aşkar edilən qanun pozutuları ilə əlaqədar Cinayət Məcəlləsinin 200.2.2, 200.2.3 və 308.1-ci maddələri ilə cinayət işinin başlanması barədə İqtisadi İnkişaf Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən 6 iyul 2010-cu il tarixdə birgə məlumat yayılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Azər Şükürov “AER” firmasının icraçı direktoru vəzifəsində işləyərkən, yəni vəzifəli şəxs olduğu halda öz xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, rəhbərlik etdiyi müəssisədə istehsal olunaraq satılan dondurma məhsullarının normativ-texniki sənədlərə əsasən maksimal saxlanma müddətin 1-2 ay olduğu halda istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girərək satışa hazır 17 çeşiddə ümumi çəkisi 19 ton 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 ton 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan müddətlərdən artıq, yəni 6-12 ay göstərilməsini təşkil edib.
İstintaqla həmçinin müəyyənləşib ki, İqtisadi İnkişaf Nazirliyinin yanında Antiinhisar Siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti tərəfindən “AER” firmasında 10-29 iyun 2010-cu il tarixlərdə yoxlama aparıldığı zaman həmin firmanın istehsal etdiyi 12 çeşiddə dondurmalarda yağın və quru maddələrin ümumi kütlə payının normadan az, mikroorqanizmlərin sayının isə normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan bakteriyaların olduğu aşkar edilərək qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması, dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, həmin məhsulların Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə “AER” firmasına müvafiq göstərişlərin verilməsinə baxmayaraq, buna əməl edilməyib. Şirkət keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan qida məhsullarının istehsalını və satışı davam etdirilərək malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları aldadaraq, külli miqdarda ziyan vurmaqla istehlakçı olan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə istehlak bazarını tənzimləyən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Bundan sonra Azər Şükürov sair şəxsi niyyətlə, yəni törətdiyi cinayətini gizlətmək və göstərişlərin icrası barədə təsəvvür yaratmaq məqsədilə 4 ton 760 kiloqram dondurma məhsullarının guya “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda məhv edilməsi barədə rəsmi sənəd olan 18 iyun 2010-cu il tarixli aktda, həmin tarixli yük nəqliyyatı üçün yol vərəqəsində və qaiməsində bilə-bilə yalan məlumatların daxil edilməsini və “Təmiz Şəhər” ASC adından saxta ştampın vurulmasını təşkil edərək vəzifə saxtakarlığı edib.
Törətdiyi cinayət əməllərinə ğörə Şükürov Azər Əkbər oğlu Cinayət Məcəlləsinin 200.2.2, 200.2.3, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə üzrə ibtidai istintaq davam etdirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar