Adambaşına düşən aylıq gəlir 215 manata çatıb
15 İyul 2010 Cümə Axşamı 02:20
Yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 5 faiz artıb.
2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata çatıb. ANS PRESS Dövlət Statistika Komitəsinin internet saytına istinadən xəbər verir ki, hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215,0 manata) çatıb. Gəlirlərin 70,0 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyun aylarında 5,0 faiz artaraq 315,2 manata çatıb. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 457,5 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 497,3 manat təşkil edib.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2,0 milyard manata çatıb. Realizə olunmuş əmtəələrin 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı, müvafiq olaraq, 7,6 və 11,1 faiz artıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: