“AccessBank” Gəncədə ikinci filialını açdı
21 Aprel 2010 Çərşənbə 13:30
“Nizami” filialının rəhbəri Oksana Əliyeva təyin olunub.
“AccessBank” Gəncə şəhərində sayca ikinci filialını açıb. Yeni “Nizami” filialının açılışı ilə “AccessBank” filiallarının sayı 24-ə çatıb.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Gəncədə ikinci filialın açılışı bilavasitə birincinin uğurlu fəaliyyəti ilə əlaqədardır. Belə ki, beş ildən az bir müddətdə “Gəncə” filialı artıq bir filialda xidmət olunması imkansız olan müştəri bazası toplaya bilib. Hazırda, “AccessBank”ın Gəncə şəhərindəki filiallarında 11 000 nəfərdən çox müştəriyə xidmət göstərilir. “Nizami” filialının rəhbəri bank sahəsində işgüzar fəaliyyətini “AccessBank” “Gəncə” filialında başlayan Oksana Əliyeva təyin olunub.

“Nizami” filialının müdiri, Oksana Əliyeva yeni filialın açılışını şərh edərək söyləyib ki, yeni filialın şəhərin mərkəzində yerləşməsi banka yerli əhalinin əməliyyat məhsullarına olan tələbatını tam ödəməyə, müştərilərə fərdi yanaşma təmin etməyə və keyfiyyətli xidmət göstərməyə imkan verəcək.

“AccessBank”ın Baş Meneceri Endryu Pospilovski yeni filialın açılışını şərh edərək bildirib ki, Gəncədə ikinci filial açmaqla bu şəhərdəki müştərilərə daha yaxşı xidmət göstərməyə nail olmağımızdan məmnunuq.

“Nizami” filialında, həm fiziki, həm də hüquqi şəxslər üçün qeyri kredit bank xidmətləri təklif olunur – buraya hesabların və depozitlərin açılması, VISA plastik kartları, eləcə də istehlak kreditlərinin verilməsi, çoxsaylı pulköçürmə sistemləri və kassa ilə bağlı əməliyyatlar daxildir.

Qeyd edək ki, “АccessBank” beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+). “AccessBank” 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3.5 faiz) şirkətləridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar