Abşeronda sahibkarlara güzəştli kredit verilib
28 Dekabr 2010 Çərşənbə Axşamı 15:50
Müvəkkil kredit təşkilatları vasitəsilə Abşeron və ətraf rayonlarda fəaliyyət göstərən 12 sahibkarlıq subyektinə 143 min manat ayrılıb
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda 2010-cu ildə sonuncu tədbirini bu gün Abşeron rayonunda keçirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Abşeron və ətraf rayonlarda fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə fondun güzəştli kreditləri hesabına Xırdalanda “Zəhmət-Ruzi” MMC-nin inşa etdirdiyi tutumu 7 min ton olan müasir soyuducu anbar kompleksində və illik istehsal gücü 10 min ton ət və 7 min ton süd olan emal sahələrində aparılan tikinti işləri ilə tanış olublar. Sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri öz işinə başlayıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev dövlət başçısının məqsədyönlü, çevik iqtisadi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunduğunu qeyd edib. O, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.
Fondun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, 2010-cu ildə SKMF Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 11 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Ümumilikdə, 2010-cu ildə Fond 1430 sahibkara 115 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 5600 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür.
Ş. Abdullayev qeyd edib ki, Fond iqtisadiyyatın prioritet sahələrinin inkişafı, həmçinin müasir standartlara cavab verən, ixracyönümlü və rəqabətqabiliyyətli istehsal və emal müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə sahibkarlardan investisiya layihələrinin qəbulunu 2011-ci ildə də davam etdirəcək.
Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Abşeron və ətraf rayonlarda fəaliyyət göstərən 12 sahibkarlıq subyektinə 143 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 30-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, tədbirdə Abşeron rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr üzrə müzakirələr aparılıb. SKMF sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini 2011-ci ildə də davam etdirəcək.
DOSTLARINLA PAYLAŞ: