ABŞ-ın tanınmış biznes liderləri Bakıya gələcək
29 Aprel 2011 Cümə 12:20
Paytaxtda “Amerika və Azərbaycan üçün biznes imkanları” biznes və sərmayə konfransı keçiriləcək.
Bakıda iyunun 3-də ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Amerika və Azərbaycan üçün biznes imkanları” biznes və sərmayə konfransı keçiriləcək. Bu barədə USACC-in Vaşinqtondakı baş qərargahından bildirilib.

Bakıda keçiriləcək birgünlük konfrans Birləşmiş Ştatların və Azərbaycanın tanınmış biznes liderlərini, iş adamlarını bir araya gətirərək iki ölkə arasında yeni biznes və ticarət əlaqələrinin genişləndirilməsində konkret layihələrə həsr olunacaq. USACC-nin icraçı direktoru Mahir İsgəndər deyib ki, Azərbaycanın son illər iqtisadi artımının yenilməz surəti ölkəni ABŞ iş adamları üçün cəlbedici sərmayə qoyuluşu məkanına çevirib. Dünya maliyyə böhranı yaşadığı bir dövrdə, ölkəmizin təkcə qeyri-neft sektorunda nümayiş etdirdiyi artım 5,9 faiz təşkil edib. İxracın ümumi məbləği 21 milyard, idxalın məbləği isə 6,6 milyard ABŞ dollarını ötüb.

M.İsgəndərin sözlərinə görə, Azərbaycanın iqtisadi tarixində olduqca maraqlı bir məqamda konkret nəticələrə gətirib çıxaran konfransın keçirilməsinə zərurət duyulur. USACC bu baxımdan real biznes əlaqələrinin və yeni tərəfdaşlığın qurulmasına yardım etmək niyyəti ilə təşkil etdiyi konfransda altı müzakirə sessiyasını Azərbaycanın turizm, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat, inşaat və digər sahələrində sərmayə imkanları, buraya Amerika kapitalının gətirilməsi, Azərbaycanın yeni enerji reallıqları, dünya şöhrətli biznes şəbəkələrinin Azərbaycanda açılması kimi mövzulara həsr edəcək.

Hyatt Regency mehmanxanasında keçiriləcək konfrans Azərbaycan Beynəlxalq Bankı, Azercell, Şevron və bp şirkətlərinin sponsorluğu ilə təşkil olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar