600 min nəfərin minimum əmək haqqı artırılacaq
29 Sentyabr 2010 Çərşənbə 14:20
Maaşların qaldırılmasına dair sərəncam dövlət büdcəsindən 112 mln manat əlavə vəsaitin artırılmasını tələb edəcək.
Prezidentin büdcə təşkilatları işçilərinin müxtəlif kateqoriyalarının əmək haqlarının qaldırılması haqqında sərəncamı 2010-cu ilin sentyabr-dekabr aylarında dövlət büdcəsindən 112 mln. manat əlavə vəsaitin ayrılmasını tələb edəcək. Bu barədə bu gün maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib.

“Azərbaycan prezidenti sentyabr ayında minimum əmək haqqının 75 manatdan 85 manata qədər, büdcə təşkilatları işçilərinin tarif dərəcəsi üzrə 10% artırılması barədə bır sıra sərəncamlar imzalayıb. Sərəncamlar çərçivəsində maliyyələşdirmə 2010-cu ilin sentyabr-dekabr aylarında dövlət büdcəsindən 112 mln. manat əlavə vəsaitin ayrılmasını tələb edəcək”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, 600 min nəfərin minimum əmək haqqı artırılacaq. O qeyd edib ki, dövlət büdcəsinin gəlir və xərclərinin icrası ilə bağlı cari vəziyyət normal səviyyədədir.

“Dövlət büdcəsinin gəlirləri proqnozlara müvafiq olub, xərclər üzrə isə plandan bir qədər geriləmə var, lakin düşünürəm ki, prezidentin əmək haqlarının qaldırılmasına dair sərəncamlarını nəzərə alaraq bu geriləmə aradan qaldırılacaq”, - deyə nazir qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar