6 ay ərzində Azərbaycanda 60-dan çox yeni müəssisə açılıb
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Şahin Mustafayev: "2012-ci ildə Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək".
Bu gün Milli Məclisdə gələn ilin büdcə layihəsi müzakirəsi edilir. İclasda Azərbaycan Respublikasının 2012-ci il və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri təqdim olunub. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, parlamentdə çıxış edən nazir Şahin Mustafayev bildirib ki, 2012-ci ildə ölkədə iqtisadi artımın 5.7%, 2015-ci ilədək isə orta illik iqtisadi artımın 6.3% olacağı gözlənilir.
“Adambaşına düşən ÜDM 2012-ci ildə 4744 manatdan 2015-ci ildə 5963 manata qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək. Növbəti il üçün manatın dollara məzənnəsi 79 qəpik qəbul edilmiş və inflyasiya tempi 6% proqnozlaşdırılıb. Büdcə kəsirinin ÜDM-ə nisbəti 1,3%, xarici dövlət borcunun yuxarı həddi 2 milyard manat nəzərdə tutulub”, - deyə Şahin Mustafayev vurğulayıb.
Nazir həmçinin bildirib ki, neftin qiymətilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilib. 1 barelin qiyməti gələn il üçün 80, növbəti 3 il üçün isə 75 dollar qəbul edilib. Bütövlükdə, qeyri-neft sektorunun inkişafında “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, o cümlədən istehsal və xidmət müəssisələrinin tikilməsi böyük əhəmiyyət kəsb edir. Nazir bildirib ki, bu ilin altı ayı ərzində ölkədə 60-dan çox müəssisə, o cümlədən 20-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilib.
“Qeyri-neft sənayesi üzrə 2012-ci ildə 6.2%, növbəti 3 ildə isə orta hesabla 10.5% artıma nail olunacaq. Ötən ildən etibarən kimya sənayesində müşahidə olunan artımın davam edəcəyi və 2012-ci ildə 20.8%, növbəti 3 ildə isə orta hesabla 19.6% olacağı proqnozlaşdırılır. Kimya sənayesi üzrə növbəti illər üçün proqnozlaşdırılan artım, bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal güclərinin artırılması, modernləşdirilməsi və eləcə də, yeni məhsul istehsalına başlanılması hesabına gözlənilir. Metallurgiya sənayesində 2012-ci ildə 16.3%, növbəti üç ildə orta illik 14.6%, hazır metal məmulatların istehsalında isə 2012-ci ildə 9.4%, növbəti üç ildə isə orta illik 28.3% artım proqnozlaşdırılır. Artım əsasən mövcud istehsal həcmlərinin genişləndirməsi, həmçinin Gəncə şəhərində illik istehsal gücü 100 min ton olan alüminium zavodunun fəaliyyətə başlaması ilə əlaqədardır”, - deyə Şahin Mustafayev qeyd edib.
Qeyd edək ki, hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir və təkcə SKMF tərəfindən maliyyələşdirilən 75 istehsal-emal müəssisələrinin istifadəyə verilməsi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: